Ayaz  Arabaçı -  Ürəyimdən nə keçdi

Ədəbiyyat 21:00 / 17.08.2026 Baxış sayı: 620

Ürəyimdən nə keçdi

Yazıb tökdüm kağıza.

Bu isti yay axşamı,

Çatmasa da o qıza.

Özüm-öz ürəyimə,

Ölüm cəzası kəsib

Yazdım bir para şeylər,

Hər sözün üstə əsib.

Belə vurulmamışdım,

Uzun illərdən bəri.

Bəlkə səadətiydi,

Bəlkə də əcəl təri.

Göydən yerə enirdim,

Yerdən göyə

çıxırdım.

Gərilmişdim yay kimi,

Özümü çox sıxırdım.

Gəlməsə də hər axşam,

Yolunu gözləyirdim.

Boynuma sarılacaq,

Qolunu gözləyirdim.

Bəhanəm qalmamışdı,

Özümü aldatmağa.

Bir yuxu istəyirdim,

Laylasında yatmağa.

Ehtiyac yaranmışdı,

Başqa bir dilə bizdə.

Çünki dil tapammırdıq,

Heç cür öz dilimizdə.

Bir az ispanca yazdım,

Bir az latınca yazdım.

Qələmin mürəkkəbi,

Sona çatınca yazdım.

Boğuq səslə hardasa,

Oxuyurdu torağay.

Ulduzları muncuq tək,

Boynuna taxmışdı ay.

Səma göz qırpımında,

Min ahəngə düşürdü.

Könlüm brilyant kimi,

Rəngdən-rəngə düşürdü..