Məmməd Qədir - Getdim
Doğulandan sevincə
Qalmadı vaxtım, getdim.
Çəkib qisməti küncə,
Başıma çaxdım, getdim.
Bəxt gülmədi əyiləm,
Demə bəndə deyiləm,
Gördüm məndə deyiləm,
Özümdən çıxdım, getdim.
Dərd vurdu köşəyimdən,
İçimdən, eşiyimdən,
Ağlatdı beşiyimdən,
Gülmədi baxtım, getdim.
Bilib Nuh surəsini,
Boğdum Adəm səsini,
Ruhumun şirəsini,
Şeirə sıxdım, getdim
Şikarım sağ, ovçum qan,
Baxıram, ovucum qan,
Zamanın ovucundan,
Su kimi axdım, getdim.
Məmmədi dərd-sər əymiş,
Ox dəlmiş, xəncər əymiş,
Doğrudan pəncərəymiş,
Bu dünya, baxdım, getdim..