Tofiq Əmrahov -

YAZARLAR 09:34 / 19.08.2026 Baxış sayı: 374

Özüm üçün darıxıram

Özüm üçün darıxıram...

Dünyaya sevgi ilə baxan gözlərim üçün darıxıram. Heç nədən qorxmayan, heç kimə kin saxlamayan, hər şeyə inanmağı bacaran o gözlərim üçün...

Körpəliyim üçün darıxıram.

Nənəm Balaxanımın dizləri üstündə mürgülədiyim o axşamlar üçün... Başımı onun dizinə qoyub, səsini dinləyə-dinləyə yuxuya getdiyim o sakit, qayğısız gecələr üçün...

Nənəmin həzin bayatıları üçün darıxıram. Elə bayatılar ki, sözlərini indi xatırlamasam da, səsi hələ də qulağımın bir küncündə yaşayır. O səsdə bir ev vardı, bir ocaq vardı, bir dünya vardı... İndi heç biri əvvəlki kimi deyil.

Uşaqlığım üçün darıxıram...

Ayaqyalın qaçdığım həyətlər, tozlu yollar, uzaqdan gələn axşam səsləri, anamın çağırışı, atamın kölgəsi... Hamısı bir vaxtlar adi görünürdü mənə. İndi isə ən böyük sərvətimə çevrilib.

Nələr, nələr üçün darıxıram...

Bir daha qayıtmayacaq səhərlər üçün...

Bir daha yaşanmayacaq axşamlar üçün...

Bir vaxtlar yanımda olub, indi yalnız xatirələrimdə yaşayan insanlar üçün...

Əlimdən çıxıb gedən illər üçün...

Bəzən düşünürəm: Görəsən, insan yaşlandıqca niyə keçmişə daha çox baxır?

Sonra anlayıram...

Çünki keçmişdə itirdiklərimizin içində özümüzü də itirmişik.

Mən bu günlərdə bir az da özümü axtarıram.

O uşağı...

O saf ürəyi...

O sevgi ilə baxan gözləri...

Nənəsinin dizləri üstündə mürgüləyən, sabahın nə gətirəcəyindən xəbərsiz olan o balaca uşağı...

Kaş bircə dəfə də olsa, o günlərə qayıda biləydim.

Nənəmin dizlərinə başımı qoya biləydim...

Bir bayatısına qulaq asa biləydim...

Gözlərimi yumub, dünyanın hələ məni incitmədiyi o çağlarda bir az da mürgüləyə biləydim...

Amma həyat geri qayıtmır.

İnsan yalnız xatırlayır...

Və hər xatırladıqca bir az da darıxır.

Mən isə bu gün ən çox...

özüm üçün darıxıram.