BARAT VÜSALIN ŞEİRLƏRİ
ƏBƏDİ NƏĞMƏ
Bülbül köçdü, gül soldu,
Yer yenə gül qoxudu.
Qonub çəpərin üstə
Qaratoyuq oxudu.
Oxudu ana torpaq,
Şaxtasıyla, qarıyla.
Bahar arzularıyla,
Nəğmə arzularıyla.
Oxudu çəpər belə,
Daş da həvəsə düşdü.
Haradasa bülbülün
Qulağı səsə düşdü.
Eşidirəm torpağın
Ürəyinin səsini,
Burda qoyub gedibmiş,
Yurda qoyub gedibmiş,
Bülbül öz nəğməsini!
BİR SÖZDƏNƏM
Burda -doğma qazaxdanam,
Orda-Muğan düzündənəm.
Bir vaxt Xızır gəlib içən
Bir çeşmənin gözündənəm.
Şahdağımda qara baxın,
Göyçayımda nara baxın.
Kəlbəcərin, Qarabağın,
Odundanam,közündənəm.
Şəki,Şirvan,Balakənim,
Lənkəran,başına dönüm!
Ay laləli Gəncəm mənim,
Bir az da nərgizindənəm!
Ya Zəngəzur obasından,
Ya da ki,”Qız qalası”ndan,
“Qubanın ağ alması”ndan,
Naxçıvanın duzundanam!
Daşkəsən qaya beşiyim,
Gədəbəy, qoyma üşüyüm!
Göy gölüm küsməsin,deyim-
Nurundan- güzgüsündənəm!
Vurulmuşam təbiətə-
Doqquz iqlimli nemətə.
Bax,yüz çüngə,yüz lüğətə,
Azərbaycan sözündənəm!
FƏRQ
(Yurdu düzdə qoyanlara)
Axşamdan
sabahacan,
sabahdan axşamacan
mənim qəlbim inləyir,
ancaq bircə söz deyir:
-Vətən!
Vətən!
Vətən!
Vətən!..
Ey nadan oğlu, nadan,
Səninsə qəlbin hər an
Elə vurur vurmadan,
Elə deyir durmadan:
-Bə mən!
Bə mən!
Bə mən...
Bə mən?!..
OX ÜZLÜ DƏMİR
“Əsir kəndlərimiz” silsiləsindən
Qazaxda, köhnə bir yol ayrıcında
Üstə “Əskipara” sözü yazılmış
Ox üzlü bir dəmir parçasına bax,
Deyir, kim kişisə arxamca gəlsin,
Hələ əsl döyüş indi olacaq!
Qorxursan sözünə əməl etməyə,
Ya bəlkə baxmağa sən o dəmirə.
İnsafsız, sən məhəl qoymursan niyə
O dediyi sözə, verdiyi əmrə?!
Görmək istəmirsən bəlkə sən onu,
Yoxdumu insafın, dönüb baxsan bir!
Bir az oxşanası, öpüləsidir,
Bir az əyilməyi nəyi göstərir,
Bir az paslanmağı nəyi göstərir?!
Üstə “Əskipara” sözü yazılmış
O dəmir parçası söyləyir nələr:
“Qorxursan, səni də o bizim olmuş
“Şöytəli bağı” nda güllələyərlər?!”
Görmürsən sən onu, görmə, a naşı,
Sanma ki, adicə ox şəklidir o.
Bir xalqın qəlbində düşmənə qarşı
Tuşlanmış silahın “yox!” şəklidir o!
Köhnə yurd yerinə səmtlənib, odur,
Bir xalqın nifrəti bir ox olub, ox!
Olsun ki, nəyləsə sən barışarsan,
O dəmir parçası “yox!” söyləyir, yox!”
Köhnə, iti uclu qələmimizdi,
Hazıram söyləyir ölümə, hazır!
Əyirlər, döyürlər, deyirlər ki, sən
Öz ölüm hökmünü ərz etməlisən,
Osa “Əskipara” sözünü yazır!
Qazaxda burulub dağlara doğru,
Yüyürüb dırmanır “Odun dağı”na.
Oradan hamıya papaq eyləyir,
Hamını çağırır öz ocağına.
Dayanıb səslənir “Odun dağı”ndan:
-Bir görün, nə qədər papaq yığmışam,
Bir görün əlimdə harmada qalmış,
Neçə papaq var!
Hamı arxayınsa öz papağından,
Bu papaq kimindi, ay papaqlılar,
Bu papaq kimindi, ay papaqlılar!
Əyilib, döyülüb, xışdanıb, qalıb,
Oz üzlü bir dəmir göz dağıdımı?!
Düşmənin gözünə tuşlanıb qalıb,
Vətənin yaralı barmağıdımı?!
Hələ də dönməyib öz inadından,
Çıxmayıb olanlar yadından onun.
Hərdən istəyirəm yüyürüb öpəm,
Qaçqın olanların adından onu,
Köçkün olanların adından onu!
...Keçir saymazyana kişilər, nəsə,
Tanımır anamı, görmür bacımı.
Baxıb güləcəklər, qorxuram, öpsəm
O dəmir anamı, dəmir bacımı!
İnsan susa bildi, kiriyə bildi,
Yurdunu itirən dinəydi gərək.
Dəmir bir yazını qoruya bildi,
Dəmirlərin böyük sərkərdəsi tək.
(Sadəcə dayanıb durmur yol üstə,
Dəmir üzümüzə tüpürür demək!)
Çıxıb yolumuzdan, yolağımızdan,
Uyuyub yatırıq,
uyuyub yatır...
Oz üzlü bir dəmir qulağımızdan
Yapışıb dartır ki, yol bu yandadır!
Dərdə əyilirmiş eh, insan, gördüm,
Qaçırmış itirib doğma yurdunu,
Qaçırmış itirib yar-yoldaşını.
Ox üzlü dəmiri qəhrəman gördüm,
Ox üzlü dəmirə əydim başımı!
Ox üzlü dəmirin başına dönüm,
Ox üzlü dəmirin gözünə dönüm!
Allahım, aman ver, imkan ver mənə,
Ox üzlü dəmirin özünə dönüm!
...Qalxıram yuxudan birdən-birə mən,
Bir ömür aldığım bir əmrə dönür!
Baxıram ox üzlü bir dəmirə mən,
Dərdimin azını göstərir mənə,
Dərdimin çoxunu göstərir mənə,
Düşməni-yağını göstərir mənə,
Gözümdə göz yaşım dəmirə dönür!
HƏNDƏVƏR
Həndəvər söyləmə hər həndəvərə,
Nə vardı yatmayıb, it hürsə idi.
At var-həndəvəri ərlər, ərənlər,
İt var -həndəvəri it kürsəyidi.
Minib öz atını çap, o ki, var, çap,
Rast gəlmə nə uçrum, nə döngələrə
Özünə sən başqa bir həndəvər tap,
Hərrənmə sən başın, bu həndəvərə!
Həndəvər olarıq mində birimiz,
Yerdə qalanımız bəndə felləri.
Dağlardı, daşlardı həndəvərimiz,
Bəs nədi dağ-daşın həndəvərləri?!
Ey vətən,deyirəm haqqı qalıbmı
Hər bəndə deyənə bəndə deyəm mən?
Nə başlar qopmadı çiyinlər üstən,
Nə yellər əsmədi həndəvərindən?!
Elə istəyirəm, bəndə deyilik,
Torpağıq, deyim mən, daşıq, deyim mən.
Ruhumla bu yurdun həndəvərində
Gecə də, gündüz də keşikdəyəm mən!
Gəl demə, biz indi güvənək kimə,
Sən dayan, dur görüm, a həndəvər,bir...
Şəhid qəbirləri bəs nədi, bəs nə?
Sən deyən, mən deyən həndəvər deyil?!
Dünyada nə qədər həndəvərlər var,
Çaqqal həndəvəri, qurd həndəvəri...
Adamlar belinə kəmər taxırlar,
Yoxsa olmaq üçün yurd həndəvəri?!
Əsibdi, coşubdu bir qarı yenə,
Baxmır nəvəsinə kim vurulubdu.
Deyir, bir də qızın həndəvərinə
Hərrənsən, ölmüsən ay köpəyoğlu!
Necə saraldıblar gör aşiqləri,
Demirlər, sevənlər mində birdilər.
O qədər qına ki, sarmaşıqları,
Bunlar da bu təhər həndəvərdilər!
Canda canımız yox, qəmdə yerimiz.
Bəlkə biclik edək,
fəndə əl qoyaq?!
Boşalıb... boş qalıb həndəvərimiz,
Bəlkə adımızı həndəvər qoyaq?
...Bəndəlik eyləsin bəndələrə, de,
Sıra nəfərləri hər nəfər olmur.
Gəl, az həndəvərəm, həndəvərəm, de,
Həndəvər sozündən həndəvər olmur!
MEHMAN DAYIYA MƏKTUB
(Qərbi Azərbaycan torpaqlarını düşünərkən)
“Qarşu yatan qarlı dağı sorar olsan,
atam Begrəgin yaylasıydı”.
“Kitabi-Dədə Qorqud” dastanından
Sordunmu kefini bizim dağların,
Olmaya quruca adı qalıbdı?
Üstünə endiyin “Qıt bulağı”nın
Çoxmu damağında dadı qalıbdı.
“Əlyetməz”, “Naltökən” bizim dağlardı,
Tək qalıb döyükən bizim dağlardı.
Gözləri yol çəkən bizim dağlardı,
Ocağı sönsə də odu qalıbdı.
Neyləyir “Çayqoşan”, “Ağbuğa çayı”,
“Turşbulaq”, “Daşbulaq”- o ekiz tayı?
Hayıf, o dağlardan, a Mehman dayı,
Köçüb çox doğması, yadı qalıbdı.
“Haçatəpə” dənmi saldın yolunu?
Tökdümü “Dəlidağ” yenə dolunu?
Gəzdimi babamı, Seyidoğlunu?
Yorulub yollarda atı qalıbdı.
Kövrəlib dedinmi “ay anam-atam”,
Keçəndə “Sarıyal”, “Qızılqaya”dan?
Bir yol “Ceyli yurdun” qoynunda yatam,
Duya, ürəyimdə dərdi qalıbdı.
Tale yazdığını bir daha yazmaz,
Bizi o yaylaqlar bağrına basmaz.
Sən görən gözəllər yelləncək asmaz,
Budaqda qırılmış çatı qalıbdı.
Köhnə kişilərin azdı duranı,
Yoxdu köç gedəni, dəyə quranı.
Allah viran qoysun belə dünyanı,
Gör bir nəyi-xatiratı qalıbdı.
O dağlar başında dinən kimdi, kim?
O dağlar başından enən kimdi, kim?
Kimdi o dağlardan dönən, kimdi, kim?
Ürəklərdə elin andı qalıbdı.
Xəyalım dolaşır el yaylağında,
“Alpaşa talası”, “Daşdaş dağı”nda,
Köhnə kişilərin od-ocağında,
Nə yaxşı ki, öz Baratı qalıbdı!
* * *
Qoymadım yolundan çıxa,
Yola çağırdım adımı.
Düşmənimə bəlayamsa,
Bala çağırın adımı!
Kənardan baxmayır daha,
Yurd üçün çağlayır daha,
İçimə sığmayır daha,
Çölə çağırın adımı!
Lazım olmasa bircə an,
O saat çıxarın yaddan,
Yaşadıqca Azərbaycan,
Hələ çağırın adımı!
ÖLMƏRƏM
Əlimdəki qələm yox,
Bayraqdı,ölmərəm mən.
Təbrizdi ürəyimin
Paytaxtı, ölmərəm mən.
Ocaqdı qapı-bacam,
Ocaqsız-odsuz heçəm.
Ucayam, mənim ucam
Torpaqdı, ölmərəm mən.
Şaham, fərman verirəm,
Dərdə dərman verirəm.
Söz haqqı, can verirəm,
Saz haqqı! ölmərəm mən!