Əlizadə Nuri - Ağrı
Göydən təzə qəm istədim,
O mənə nimdaşı verdi.
Ev tikməyə daş istədim
Başıma baş daşı verdi.
Bir sərçəyə dən istədim,
Bir bütöv Vətən istədim.
Yaxşı bir düşmən istədim
Pis qohum-qardaşı verdi.
Tək qalanda çağır dərdi
Uzaq dərdi, yaxın dərdi.
Könlümə ən ağır dərdi
Könlümün sirdaşı verdi.
Bura şeytan dərəsidi,
Bu ki, iblis mərəzidi.
Bu nə mizan- tərəzidi
Bunu hansı naşı verdi?
Göndərdi zəli üstünə,
İşin əngəli üstünə.
Min nəfər dəli üstünə
Məni də minbaşı verdi...