Arzu Əsəd - Siz bu diktəni eşitmirsinizmi?
Azərbaycanın sovet dövründə elm, təhsil, həyat tərzinin təşkili, sosial münasibətlər və sair sahələrdə qazandığı nailiyyətlər müəyyən yenilik eyforiyası nəticəsində tamamilə sıxışdırılıb sanki bunlar yaşanmamış kimi bir qeyri-təbii mənzərə yaradılırdı. Amma ictimai şüur da fərdi şüur kimidir, yaşanmışları sıxışdırıb bir kənara atmaq olmur, onlar fərdlərdə olduğu kimi, həm də ictimai psixikanın dərinıiklərinə çökür, şüuraltı elementlərə çevrilir və özünün yenidən istənilməsini, üzə çıxmasını gözləyir.
Azərbaycan sovet məktəbi - 60, 70, 80-ci illər - qızların təmiz geyimi, ağ önlükləri, ağ bantları...evlərdə yubkaların, donların ətəyinin bir neçə santimetr yuxarı və aşağı olması üçün ana və qızlar arasındakı o şirin çəkişmələr, müəllimlərin əxlaqlı nümunəvi davranışları, kiçik yaşlı oğlanların özlərinə məlum olmayan hansısa yeni cücərməkdə olan hisslərin ifadəsi kimi qızların saçını şəkməsi, yuxarı siniflərdə yaranan və sonra ömür boyu yaddan çıxmayacaq o əsrarəngiz, dərin ilk sevgilər...Məktəblilər arasında zorakılıq, manyaklıq, təcavüzkarlıq nadir, cəmiyyətə yad elementlər sayılırdı.
O dövrün yaratdığı nəsillər də kişili-qadınlı əsasən tərbiyəli, əxlaqlı, nizamlı-intizamlı nəsillər oldu. İslam dinini də xarici ölkələrdən axışan müxtəlif məzhəblərin saqqallı agentlərindən yox , ədəbiyyatımızdan, tariximizdən, məişətimizdə özünü qoruyub saxlayan dəyərlərimizdən, eləcə də müxtəlif dini kitablardan öyrənirdik. Din canlı orqanizmlərdə mövcud olmalı olan elementlərdən sadəcə biri idi. O, dominantlığa can ata bilmirdi. Cəmiyyətin normaları, qanunları, maarifi, həyat tərzi onu müəyyən bir çərçivədə saxlayırdı...Sonra müstəqillik illəri...Cin şüşədən çıxdı. Özünə qayıdış adına o 70 ildə qazandığımız bütün nailiyyətləri danmağa başladıq, birdən müstəqil görünmərik deyə düşüncəmizdə o həyat tərzinin xatirəsindən doğan aşkar nostaljini boğaraq yaxın tariximiz haqqında ancaq mənfi çalarlı ifadələr işlətdik...
Və budur, həqiqət anı gəlib çatdı. Elə bir mərhələyə qədəm qoyduq ki, cəmiyyətdə azyaşlı qız uşaqlarının məktəbə hicabla gedib-getməməsi barədə gərgin mübahisələr gedir. Yaxın tariximiz bizdən nankorluğumuza görə qisas alır. Zamanın o kəsimləri şüuraltına sıxışdırıldığı yerdən püskürüb çıxır, içəridən diktə edir: "Sən niyə yaşadığın həyata yalnız siyasi rənglər qatıb "sovet", "imperiya", "əsarət", "müstəqillik" və sairə adları altında əldə etdiyin nemətlərə, nailiyyətlərə tüpürdün? Niyə öz ömrünü, öz həyat tərzini, öz yaşantılarını, xatirələrini belə aşağılıq kompleksi ilə ucuz tutdun? Niyə qazandığın müsbət, həyati elementləri qoruyub saxlamadın? Mən burdaydım, burdayam, heç hara getməmişəm, sənin şüuraltında, yaddaşında, nəsillərin yaddaşına köçmüş DNA-ndayam.
Sən bəşəriyyətin ən böyük eksperimentlərindən birini yaşamış, yüksək şüur səviyyəsinə çatmış bir cəmiyyətin törəməsisən. Sən niyə öz müasir dünyanı siyasi rəngləri təmizləyərək öz yaxın tarixindən qalan o böyük irsin üstündə yox, ordan-burdan axışan qırıntıların, tör-töküntülərin üzərində qurmalısan?" Yaxın tarixin eşidilməyən fəryadı! Siz bu diktəni eşitmirsinizmi? Mən çox aydın eşidirəm...