Adilə Nəzər - UNUTMAYAN QƏLB, UYDURAN BEYİN

YAZARLAR 21:00 / 09.10.2026 Baxış sayı: 332

 

İnsan ömrü boyunca xatirələrini harada toplayır? Unutmayan qəlbdə, ya uyduran beyində? Elm adamları bu sualın cavabını çoxdan verdiklərini sanırlar. Onlar üçün hər şey hüceyrələrin, elektrik siqnallarının və kimyəvi reaksiyaların dar sərhədlərinə sığmasıdır. Bəs niyə elə anlar olur ki, illər öncədən boylanan bir kədərli kölgə yadımıza düşəndə başımız deyil, köksümüzün sol tərəfi sızıldayır? Niyə unutduğumuzu sandığımız bir ad, havadakı yarpaq qoxusu, ya da küçədən ötən bir səs zehnin pəncərəsini döymədən, birbaşa qəlbimizin qapısını açır? Və niyə o an düşüncələr susduğu halda, daxilimizdə ağır bir yük, ya da ürəyimizin başında xəfif bir hərarət peyda olur?

Görünən budur ki, insan hafizəsi yalnız bioloji hüceyrələrdən ibarət deyil. Yaddaş iki ayrı aləmdən nəfəs alır. Beyin – tarixlərin, xəritələrin, hesabların və soyuq rasionallığın gözətçisidir. Amma o, etibarlı bir arxivçi deyil; zaman keçdikcə keçmişin materiallarından xatirələri özünə uyğun yenidən quran bir memardır. Zamanın tozunu silmək bəhanəsiylə oraya yaşanmamış detallar, uydurma kölgələr qatır, mənzərəni yenidən inşa edir.

Əslində buna hər gün hər birimiz şahid oluruq. Məsələn, mənim bir qonşum var; hər dəfə illər öncə qaynanası ilə yaşadığı bir münaqişəni danışanda mənzərə bir az dəyişir. Hər dəfə deyilən bir söz başqa rəng alır, qarşı tərəfin baxışı bir az daha sərtləşir, keçən dəfə demədiyi bir cümlə hekayəyə əlavə olunur. Beyin özünü haqlı çıxarmaq, öz iç rahatlığını qorumaq üçün hər dəfə yaşanmış hadisəni özünə uyğun yenidən qurur, üstünə uydurma kölgələr qatır... Çünki beyin uyğunlaşmaq, ağrını azaltmaq, ya da sadəcə öz daxili rahatlığını qorumaq üçün unudur, təhrif edir. Onun yaddaşı zamanın aşınmasına həmişə açıqdır.

Qəlb isə yalanı tanımır. Qəlbin yaddaşı mütləqdir, ləkəsizdir və dəyişməzdir. O, hadisənin hansı gün, saat neçədə baş verdiyini – detalların yükünü daşımır. Qəlb həmin anın hissiyyat təmizliyini, mənəvi əks-sədasını olduğu kimi dondurub saxlayır. Beyin bir xatirəni hər dəfə vərəqləyəndə ona yeni şərhlər əlavə etdiyi halda, qəlb o anı ilk günkü xalisliyi ilə qoruyur. İllər keçdikcə deyilən sözlər unudula bilər, simalar şüurun dumanında əriyə bilər, amma qəlbin yaddaşına yazılmış o ilk həyəcan, o saf duyğu zərrə qədər dəyişmir.

Mən bu mövzuda özümə baxdıqda görürəm ki, xatırladığım hadisələrdə detallardan çox keçirdiyim hisslər yaddaşımda qalıb. İllər öncə yaşanan bir an – bəlkə yağışlı bir gündə eşidilən bir səs, ya da əlimə keçən saralmış bir şəkil gözümə sataşan kimi, zaman bir andaca aradan qalxır. Beynim o günün dəqiq tarixini, kimin nə dediyini çoxdan unudub, amma qəlbim həmin anın saf sevincini də, yaşadığım o ağır dərdi və ya incə sızını da zərrə qədər dəyişmədən, ilk günkü təzəliyi ilə daxilimdə yenidən oyadır. Demək ki, beyin hadisənin hekayəsini dəyişdirəndə, qəlb onun səsini belə möhürləyir.

Burada insan varlığına dair kövrək bir incəlik var: beyin daha çox neqativ hadisələri ön sıraya düzür. Hər zaman özünü haqlı və təmizə çıxarmaq həvəsilə işləyən ağıl, keçmiş münaqişələri və qırğınlıqları özünə sərf edən şəkildə bəzəyir, başqalarını günahkar, özünü isə məzlum göstərən bir bayraq kimi saxlayır. Qəlb isə haqlı çıxmaqla deyil, həqiqəti yaşamaqla maraqlanır. O, neqativin qaranlıq yükü və ya intiqam həvəsi altında əzilmir. Beyin öz eqosunu qorumaq üçün inciklikləri qabardanda, qəlb bizi insan olaraq saxlamaq üçün o xalis sevgini, işığı və ümidi qoruyur. Qəlb daxili mənliyimizi saxtalıqdan qoruyan sarsılmaz bir qaladır.

Məhz buna görə, insan bu mürəkkəb həyat yolunda öz həqiqətindən azmamaq üçün beyindən çox qəlbin yaddaşına söykənməlidir. Çünki beynin yaddaşı neqativlərin qorxusu ilə insanı çaşdıra, hesabla işləyə, rahatlığa satıla bilər. Lakin qəlb yaddaşında saxtalıq, hiylə yoxdur. O, insanın daxili kompasını göstərən yeganə çaşmaz qütbdür.

Bu həqiqət təkcə fərdi insanın daxili dünyası ilə bitmir, bizi bir-birimizə bağlayan ən dərin doğmalıq inancıdır. Dünyanın bütün maddiyyat yarışına rəğmən, insanı ömrün qürub çağında həqiqətən ovunduran yeganə zənginlik bir çay süfrəsi arxasında xatırlanacaq təmiz söhbətlər, yəni qəlb yaddaşı – hissi yaddaşıdır.

 09.10.2026