Şakir Xanhüseyinli - BİR GÜNAHDAN MİNİ TÖRƏR
Dönməzmi dövran deyirsən,
sönməzmi zülmün çırağı...
Kəsilməzmi qapılardan
qəmin, kədərin ayağı...
Nə ucadı dərd dağları...
bu qabaca, sərt dağları
Yıxmazmı sinə ahları--
qopmazma tufansayağı?
Biri yer, biri baş əkər,
candakı bu, nə səksəkə;
Birdən-birə yata, çökə
qorxasan səma çardağı...
Bir günahdan mini törər-
beşər-beşər, birər-birər...
Üz səyriyər, göz bərələr,
hər yer sanki yad tapdağı...
Göz açıb görürsən yuxu,
nədir bu göz açıqlığı...
Dərd adamda buğum-buğum,
bilinməz ki, solu, sağı...
Qəlb evinə işıq düşməz,
gün altında dolan, ha gəz;
Gəz, özünə bir yuva gəz;
gör kim kimə qəm ortağı...
Hər sayılan saydan deyil,
söz deyirsən aydın deyil...
Hamı bir nuzam istəyir,
yalan-dolan çoxdu, axı...
Közü eşərsən kül çıxar,
indi gözlə ki, gün çıxa...
Bayıra bir burun çıxar,
çiynində bitən bəy tağı...
Kimə bəlli harda nə var,
çoxu ovucunu yalar...
Bir ucdan artar, çoxalar
zəmimizin ot-alağı..