AyBəniz Əliyar - Görüşdük, ürəyim yaman döyündü,
Görüşdük,
ürəyim yaman döyündü,
Nə məni dindirdin, nə mənə baxdın.
De, niyə yuxuma gəlirsən indi,
Axı aramızdan çox sular axdı?
Qıymadın bir kərə üzünə baxım,
Qəlbimi çevirdin yenə al qana.
Sanki bağlanmışdı əlim-ayağım,
Nə qalxa bilirdim, nə də oyana.
Oyandım,
ötsə də bir qədər zaman,
Ürəyim çırpınır, yenə dayanmır.
Elə təsirlisən, elə canlısan,
Yuxu olduğuna adam inanmır.
Nə sən danışırsan, nə mən dinirəm,
Otuz il öncəki vaxta dönürəm,
Qorxuram, dilimə dolaşar adın.
Yuxuma gəlirsən, şübhələnirəm,
Bəlkə istəmirsən səni unudum?