Sabir  Zəkullaoğlu -  DÜŞÜNÜRƏM Kİ...

YAZARLAR, Gündəm 11:26 / 09.10.2026 Baxış sayı: 765

 

 

Hicab tələbiylə çıxış edən paylaşımların altında yazılan şərhləri oxuduqca məlum olur ki, ölkə əhalisi sürətlə dinin girdabına çevrilməkdədir.

Bu tip yazıların altında yazılan rəylərin 99 % - i hicabın təbliğini və tələbini dəstəkləyir, bəzi hallarda isə açıq-aşkar üsyana çağırışlar da edilir.

Çox dəhşətli mənzərədir!

Düşmən qüvvələri istəklərinə nail olmaqdadırlar...

Düşünürəm ki, dövlətin məktəblərdə baş örtüyü ilə bağlı verdiyi qərar çox doğru qərardır. Bəlkə, bir qədər də gecikmiş qərardır.

Çünki bu gün inanmadığımız, hətta bəzi hallarda lağlağı obyektinə çevirdiyimiz İranın "Kərimə Dövləti" layihəsi sabah üçün real, həm də çox real görünür...

Onların çox böyük sosial bazaya sahib olmaları sosial platforma seqmentində açıq-aşkar görünür.

Mən orta statistik azərbaycanlı, bunu müşahidə etdiyim halda, dövlətin müvafiq güc strukturları bunu görmürmü?!

Hələ-hələ təhsilli, tanınmış, özlərini filosof elan edənlərin, bəzi hallarda isə, gerçəkdən də, dövlətin elm ocaqlarında yaxşı təhsil almış adamların onları müdafiə etməsi, bunların mütəşəkkil şəkildə dövlət çevrilişinə, dini dövlət qurmaq istəyinə nə qədər hazırlıqlı olduqlarının göstəricisidir, deyə düşünürəm.

Abbasqulu bəy demişkən : " Vəziyyət biz düşündüyümüzdən də ağırdır. "

Heç şübhəsiz ki, bu sadəcə, hicab məsələsi deyil.

Əziz dindar bacı və qardaşlarım, siz ibadət etmək istəyirsiniz? Buyurun, ibadətinizi edin, hicabınızı bağlayın.

Yoxsa ki, bu nəyin iddiasıdır?- hökmən hökumətin dünyəvi dövlət siyasətinə qarşı çıxmaq, məktəbdaxili nizam-intizamı pozmaq, məsələni siyasi-dini müstəviyə daşımaq, bu nəyin hesabıdır?

Konstitusiyada hər kəsin dini etiqad azadlığı təmin olunub. Tamam. Buna kimsənin sözü və etirazı yox; bəlkə kiməsə Azərbaycanda küçədə hansısa hicablı xanıma irad bildirib? Yox əlbəttə!

Bəs nə istəyirsiz, əzizlərim?

Sizin etirazınız dünyəvi təhsil sistemində məktəblinin geyinməli olduğu uniformadır.

Bunun nəyi pisdir?

Bir çox sahələrdə bu kimi uniformalar tətbiq olunur: gömrük sistemi, ədliyyə işçiləri, həkimlər, aviasiya xidməti və sair.

Yaxşı, bütün bunları qoyduq bir kənara.

Axı İslam dini də oxuyun deyir, elm Çində də olsa, onun arxasınca gedin, deyir...

Barı, dinin - peyğəmbərin sözünə əməl edin.