Ayaz Arabaçı - Məni sancır

Ədəbiyyat 19:00 / 08.10.2026 Baxış sayı: 480

Düzübsünüz başına şüşə qırıqlarını,

Yolboyu çəkdiyiniz barı da məni sancır.

Get-gedə kirpiləşir, hər şeyiniz, sevgilim,

Bağınızın heyvası, narı da məni sancır.

 

Axmaq bir fikir yenə başımda yüz tağ atıb..

Bilsəydim siz tərəfə sürməzdim heç, ağ atı,

Allah kəssin sən gəzən, o, bağı,o, bağatı,

Gülü də məni sancır, xarı da məni sancır.

 

Batırdım qayığımı dəryanın lil yerinə,

Gün keçir ay yerinə, ay keçir il yerinə,

İlanmı saxlayırsan, ağzında dil yerinə,

İki kəlmə deməmiş yarıda, məni sancır.

 

İgid yazıq neyləsin solu-sağı kəsilib,

Qaradan qarası yox, ağdan ağı kəsilib,

Siz tərəfdə nə varsa mənə yağı kəsilib,

Küçənizdən keçəndə arı da məni sancır.

 

Sanki mən qaytarmışam cavanlıqda "hə" sini,

Heç cürə kəsmək olmur qışqıranda səsini,

Tolazlayır dalımca həyət süpürgəsini,

Əldən - ayaqdan düşən qarı da məni sancır.

 

Çırtıq çalıb oynama, içimdə şənlik deyil,

Həlli çətin şeylərin heç biri mənlik deyil,

Ağdan söhbət açmıram, ağ çoxdan mənlik deyil,

Qoşulubdu qaraya, sarı da məni sancır.

 

Bir ömrün zülmətində, əridi getdi mumum,

Belə də olmur axı, nə olsa gözmü yumum,

Mən indi bu dünyada insafı kimdən umum,

Bəndə də məni sancır, Tanrı da məni sancır.