Məmməd Qədir - Qurtarsın getsin
Ah, qanadı yanmış pərvanə canım,
Söndür o son şamı, qurtarsın getsin!
Yarımcan eyləyib, yarım can, getmə,
Tök bu qızıl qanı, qurtarsın getsin!
Canın səndən qeyri azarı yoxdu,
Ruhum çoxdan ölüb, məzarı yoxdu,
Hayanda xərcləyim, bazarı yoxdu,
Həsrəti, hicranı, qurtarsın getsin!
Ruhuma qar yağır, baglanmır qapım,
Bəs harda qapanım, bir hüzr tapım,
Dağımı dağıdım, qayamı çapım,
Söküm bu cahanı, qurtarsın getsin !
Ruhum sənə əsir, sevgin qəfəsim,
Özünü sinəmə qısıb nəfəsim,
Sənsiz yaşamağa yoxdu həvəsim,
Al bu şirin canı, qurtarsin getsin!
Mən üzlü adamam, yenə gəlmişəm,
Allah, eşq qibləli dinə gəlmişəm,
Rəhm elə, quzu tək sənə gəlmişəm,
Qəbul et qurbanı, qurtarsın getsin!