Şahverən  Cavad - Anam...ilk məhəbbət yaddaşım

Ədəbiyyat 17:10 / 11.10.2026 Baxış sayı: 379

 

Anam olub dünyada ilk məhəbbət yaddaşım,

Ata uzun əlimdi, ana böyük ürəyim.

Ömürlük borclarımdan çox-çox böyükdür anam,

Anadır bu dünyada qoruyucu mələyim.

 

Tanrı verən bəxtimin redaktoru anamdır,

Dərdimi dilə tutub, kiridibdir birtəhər.

Ömrünü bağışlayıb,köç etdiyi o gündən,

Mənim üçün dandan yox, qandan açılır səhər.

 

Körpə kimi anamın yuxusunda yatmışam,

O qara saçlarında uyuyurmuş gecəmiz.

İndi kimsəsiz evdə anamın ruhu yaşar,

Bir də evə baş çəkən o vəfalı küçəmiz.

 

Sanki ötən günlərim-xatirə şəkilləri,

Qəlbi çat-çat divarlar-ömrümün albomutək.

Yarpaqların üstündə ovcumun cizgiləri-

Oxuyur taleyimi-hər gün qaraçı külək.

11 . 10 . 2026