Elnur  Uğur   Abdiyev -  Tanrı yeri sevgi xalısı toxuyub

Ədəbiyyat 20:00 / 10.10.2026 Baxış sayı: 370

Tanrı yeri sevgi xalısı toxuyub sərib ayaqlarımıza.

Naxışlara bax

Biri lalə,

Biri yasəmən,

Biri zanbaq.

Eşit, bu dünyada təkcə sevgi qalacaq.

Gedəndə

Nə var soyunacaqsan bədəndən.

Tək sevgin gedəcək getdiyin yerə.

Eh,göz görə- görə

Bu qədər nifrəti varkən adamın adama

Yaşamaq yapışmasa da.

Yaşamaq istəyirəm

Yaşamı gözdən salanların acığına.

Hər gecənin sabahına

İnanmaq

Özünə güvənməkdi.

Özünə güvənmək

Səni var edəni sevməkdi.

Niyə də sevməyim?

Bu boyda cahan mənə xidmətdə.

Mən qəflətdə

Yata bilmərəm.

Hər gün bu xalının üstündə neçə ilmə sökürəm

Bir o bilir,bir də...

Allahın sevgisi olsun yerdə

Yeri böyüdənlərə.

Yer böyüyürsə

Yerə

Sevgi yağır yağış əvəzi.

Susur güllələr,

İntihar edir raketlər.

Təyyarələr adam daşıyır,silah yox.

Sevgi olan yerdə Allah var,günah yox!