Xatirə Rəhimbəyli - Yığıb,dəstələyib düşüncələri

Ədəbiyyat 09:31 / 10.10.2026 Baxış sayı: 480

Yığıb,dəstələyib düşüncələri

Təslim etdim uca bayrağın altda.

Əzizim,bildinmi qurban kəsmişəm

İlahi bir eşqi ayağın altda...

 

Söküb ürəyimi tikdim yenidən,

Uca boyun,geniş qəlbindən ötrü.

Hər gecə ALLAHa dua eylədim,

Döyünsün ürəyim tək səndən ötrü.

 

Yolun quru olsun,düz olsun deyə

Doldurdum gözümün quyularını.

Qəlbində qaraltı qalmasın deyə

Öldürdüm o məsum duyğularımı.

 

Qəlbimin alovun,gözümün odun

Verdim,ocağının artsın alovu.

Ürəyin əlçatmaz ovlaqlarından

Səninçün ovladım ən gözəl ovu.

Sınmış,paralanmış para ürəyi

Asdım göylərindən,hilalın olsun.

Sən halal adamsan ,sənə nə verdim,

Ananın südü tək halalın olsun!