Elşən Əzim - YAXAN DÜYMƏLƏNƏR, VƏTƏN

Ədəbiyyat 10:24 / 11.01.2026 Baxış sayı: 813

 

Hardadır həddin-hüdudun?

Hardan başlayırsan, Vətən?

Gələndə nə alım sənə ,

Nəyi xoşlayırsan, Vətən?

 

Mən alan xoşuna gəlməz,

Kasıbın payı nə olar?

Yaramaz işinə, gəlməz

Sambalı- sayı nə olar?

 

Nəyim var bu boş bədəndən

Bu dolu candan savayı?

Torpağına töküləsi,

Bir qaşıq qandan savayı?

 

Əlvan naxışlar çəkilər,

Qollarına döymə kimi.

Ulduz otellər tikilər,

Yaxan boyu düymə kimi.

 

Yaxan düymələnər, Vətən

Sinəndə yer olmaz mənə,

Qurudarlar bulağını

Bir damcı su qalmaz mənə.

 

Yaxan düymələnər, Vətən,

Açmağa icazəm olmaz.

Həsrətindən alışaram,

Bundan gözəl cəzam olmaz.

 

Yaxan düymələnər, Vətən,

Yaxan düymələ-düymələ.

Sənin üçün mən bir heçəm,

Yoxam, düymələ- düymələ.