Əlizadə Nuri - Araya atılan yaylıq
Məhəbbət qısırmış məktublarında,
Məktublar özünü necə dandılar?!
Sən başqasına verdilər, qadın
Məni də kədərə nişanladılar.
İpindən qırılan təsbeh kimiyik-
Hərəmiz bir yana düşüb qalmışıq.
Misraya girməyən təşbeh kimiyik
Utanıb ordan da aralanmışıq...
Ürəyim darıxır lal gecə kimi,
Bəs hanı həyatım- əzab gizləyib?
Üz-üzə gəlməyə utandığından
İndi üzünü də hicab gizləyib.
Daha sən tərəfə keçə bilmirəm-
Daha aramıza bir yaylıq düşüb.
Sevgi də nağıldı, sonunda ancaq
Göydən alma deyil, ayrılıq düşür.
Gərək qalan ömrün qatam başını,
Köksümün başında çiçəkləyib qəm.
Mən səni ömrümdən salıb itirdim
İndi həsrətinə salam verirəm...