Ələsgər Əlioğlu - QAÇANMAZSAN  TALEYİNİN GÖRKÜNDƏN

Ədəbiyyat 22:13 / 20.05.2026 Baxış sayı: 341

 

Könül quşum sinəmdən gen uçmayıb,

Şan-şöhrətin arxasınca qaçmayıb...

İllər boyu bir yarpaq da açmayıb,

Bəxt ağacım quruyubmuş kökündən.

 

İndi-indi başlar çıxır balaqdan,

Fikri-zikri böhtan adlı bataqda...

Gecə-gündüz bəslənibmiş bordaqda-

Yağ damırmış yalanların tükündən.

 

Tərif, təltif heç gəlməyib eynimə,

Qəm ölçülüb-biçilibdi əynimə...

Göz yetirin, görərsiniz çiynimə,

Nə iz düşüb bu dünyanın yükündən.

 

Əlioğlu, çox yapışma ürəkdən,

Bəzən əcəl gəlib tapar kürəkdən...

Qaçsan da sən hər hiylədən, kələkdən,

Qaçanmazsan taleyinin görkündən!..