Balayar Sadiq - UNUDULMAQ

Ədəbiyyat 21:27 / 10.01.2026 Baxış sayı: 1033

 

Bu ağacın dimdiyindəki quşun yarpaqlamağı qədərdir

yarpaqların cəh-cəhi,

bunu eşitmir ağacın ayağına dolaşan daş...

daşların öz qulağına taxdığı pambığı

hansı pambıqçı əkmişdi bir zaman, kimsə fərqini düşünməz

o zamanlar ayrılıq sulayırdı pambıq tarlalarını ,

sən onda Allahın göydə olduğuna inanırdın,

göy üzü çox uzaq olsa da,

amma indi göy üzü yaxındı sənə

Allahı görmək ümidin quşa dönüb uçub uzaqlara

sən Kəbə yolunda dəvə kimi gövşəyirsən

yuxarıdakı ağacın budağına qonmuş yarpağın sümüklərini...

quşlardan gözünü çək ,

qoy gözlərinin yarpaqları kölgə salsın

bir zaman pambıq tarlasında əllərini unudub gedən qızın

gün altında ürəyi gedən arzusuna…