Aləmzər Sadıqqızından  İKİ  ŞEİR

Ədəbiyyat 09:57 / 11.01.2026 Baxış sayı: 700

 

Sən həyatda yaşamağın yolunu,

Ağlaya-ağlaya güləndən öyrən...

Yüz-yüz həsrətini içinə gömüb,

Yaşaya-yaşaya öləndən öyrən.

 

Bir dön ətrafına, sağ -soluna bax,

Bacar bir bulaq ol ürəklərə ax,

Sevinci dər-topla könüllərə tax,

Ömrünü min yerə böləndən öyrən!

 

Bu dünya imtahan öyrən dərsini...

Geyin doğruluğu, unut tərsini,

Qoru namusun tək qoru nəfsini,

Həyatı gözündə solandan öyrən.

11.1.2026

 

Nəfəs alıram ...

 

Bu gün sənin doğum günün...

Ay mənim ürəyi sınıq-sinığım...

Qurbanam dünyaya gəldiyin günə.

Mən sənə hədiyyə almaq yerinə,

Həsrət böyüdürəm içimdə sənə...

 

Yanında könlüm ağ üzüm qaradı ,

Gətir həsrətinlə könlümü oyum...

Sənin ana adlı boyük qəmini,

Yarım ürəyimin başına qoyum...

 

Sən hələ körpəsən hardan biləsən,

Nənənin qəlbində olan yerini?

İndi də gör necə fələk dağlayır,

Sizinlə qəlbimin qalan yerini...

 

Sabah azanıyla oyanıb bu gün,

Tanrıdan səninçün xoş gün alıram...

Sən Aləm nənəni bağişla ömrüm,

Sizsiz ölə-ölə...nəfəs alıram...

11.1.2026.