Adilə Nəzər - BULUDLAR YÜKLÜDÜR YENƏ BU SABAH...
Dağları, təpələri,
şəhərin ucalığını,
yolların uzaqlığını qucaqlayır duman,
ehmalca öpüb çəkilir saçlarımı qış günəşi...
Dənizi çimdikləyir qağayılar,
suda halqalanan gözlərdə xatirələrim canlanır,
gah soyuyur ürəyim,
gah yanağım allanır...
Boylanırsan uzaq üfüqlərdən bu yana,
hisslərimi sızladırsan,
sən... sən... sən...
mənə sevgi şeirləri yazdırırsan..
Bilirəm nə vaxtsa səsləyəcəksən,
ya da anidən çıxıb gələcəksən, -
yağışlara söylə həmin günü öncədən,
yusunlar küskünlüklərimi...
Qoy hər şey geridə qalsın...
Gözlərimdə sevgi yaman tərləyib,
gəl bax, gözlərində dincini alsın.
Buludlar yüklüdür yenə bu sabah...