Günay Əfəndiyeva Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib

MƏDƏNİYYƏT 15:05 / 30.01.2023 Baxış sayı: 2384

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Veszprem şəhərinin 2023-cü il Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Macarıstana səfər edib və rəsmi açılış mərasimində iştirak edib.

Tədbirdə Macarıstanın Prezidenti Katalin Novak, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç, Macarıstanın regional inkişaf naziri Tibor Navracsics, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak, Veszprem bələdiyyəsinin sədri Gyula Porga, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Yanoş Hovari, Macarıstanda akreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər qatılıb.

Tədbir çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Macarıstanın Prezidenti Katalin Novak, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak və Veszprem bələdiyyəsinin sədri Gyula Porga ilə görüşüb. Görüşlərdə Macarıstan ilə Türk ölkələri arasında tarixi dostluq bağlarından bəhs olunub. Müasir dövrdə bu münasibətlərin uğurlu inkişafına toxunulub. Gələcək əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.