Əlizadə Nuri : - Səhrada gül

Ədəbiyyat 12:55 / 29.07.2025 Baxış sayı: 1886

 

Sağ ol, könül, başını dik tutmusan,

Yan-yörəndə biganələr dolaşır.

Bir gül açıb yaxasını bülbülə

Bu yaxada nə mənalar dolaşır...

 

Ney səsi var bu ahda, bu nalədə,

Ay da sirdi, nə varmış o halədə?

Şam da ölmüş... ətrafında hələ də

Sədaqətli pərvanələr dolaşır...

 

Baxtsıza bax, xəyalında baxt qurub,

O saat da hamı üçün vaxt qurub...

Məcnun eşqdən bir səhrada taxt qurub,

Min ildir ki, əfsanələr dolaşır.

 

Bir ağrıyam, yaralı quş səsində,

Göz yaşı var o quşun nəğməsində.

Hamı yatıb gecənin kölgəsində,

Hamı yatıb... divanələr dolaşır...

 

Gün yox olub, rəngi qaçıb danın da,

Bir kölgəlik yer saxlarsan yanında.

Mən də yoxam...bu dünyanın canında

Məndən qalan nişanələr dolaşır...