Arzu Əsəd - Biz  adətən humanitar elmlərdə qanunlardan yox, qanunauyğunluqlardan danışırıq.

YAZARLAR 17:12 / 08.09.2025 Baxış sayı: 2580

 

İctimai şüurda "sovet ideologiyasının təsirindən çıxmaq" adı altında humanitar elmlərdə, xüsusilə də, tarix və ədəbiyyat elmində radikal dəyişikliklər edilməsini istəyən alimlərimiz var. Onlar çox tez-tez sosial şəbəkələrdə çıxış edir, bu radikal dəyişikliklər üçün müxtəlif təkliflər verirlər. Bu təklif və çıxışlar aşağı-yuxarı sosial şəbəkə iştirakçılarına məlumdur. Çox zaman müxtəlif alimlərimiz tərəfindən daban-dabana zidd fikirlər səslənir. Bunlar da təbiidir.

Cəmiyyətimizdə müəyyən fikir plüralizminin olması təqdirəlayiqdir. Mən hesab edirəm ki, bu mübahisə və müzakirələr onillərlə gedəcək və heç bitməyəcək də. Yadda saxlamaq lazımdır, humanitar bilgilər təbiət elmlərindən fərqli olaraq öz obyektiv əsasları ilə yanaşı daim subyektiv mülahizələrlə bərqərar olub və inkişaf edib. Deyə bilərlər ki, tarix konkret elmdir.

Doğrudur, lakin konkret olmağına baxmayaraq hər bir tarixi hadisə və şəxsə münasibətlər müxtəlif olduğuna görə günümüzə çatan məlumatlar, mənbə və məxəzlər də son dərəcə müxtəlif və ziddiyyətli olur. Humanitar elmlərdə təbii elmlərdə olduğu kimi ümumi, zəruri, sabit, təkrarlanan əlaqələri - qanunları müəyyənləşdirmək mümkün deyil. Ona gorə də biz adətən humanitar elmlərdə qanunlardan yox, qanunauyğunluqlardan danışırıq. Heç bir tarixi şəxsiyyətə və hadisəyə birmənalı fikir bildirmək mümkün deyil.

Bunu eləmək istəyən şəxsin ya ümumi fəlsəfi dünyagörüşü çox zəifdir, ya da hansısa bir qrup və ideologiyanın maraqlarına xidmət edir. Anlamaq lazımdir ki, murəkkəb və ziddiyyətli olan məsələlər elə mürəkkəb və ziddiyyətli olaraq da dərk edilməlidir. Onu bəsitləsdirib birmənalı şəkildə özunə və ictimai şüura qəbul etdirmək cəhdləri nə qədər professional görünmək istəsən də, naşılığın əlamətidir. Hər bir tarixi və ədəbi şəxsiyyətimiz öz dovrünün kontekstində və ziddiyyətləri ilə qəbul edilməlidir. Bu zaman onlara "pis", "yaxşı", "cəllad", "qatil", "satqın" və sairə yarlıklar vurulmamalıdır.

Həmin dovrün şərtləri içində onun şəxsiyyətinin, xarakterinin cizgiləri, davranışlarının səbəb və motivləri, beləliklə də, onun timsalında dövrün xarakteristikasını öyrənmək lazımdır. Bu, bizə təfəkkürün inkişafı üçün lazımdır. Yoxsa durub hərəmiz öz rəğbətimizə, ideoloji baxışlarımıza, məzhəb ehtirasımıza və sairəyə gorə tarixi, ədəbi şəxsiyyətlərimizi söysək, təhqir etsək, ittiham etsək, beləliklə də cəmiyyəti parçalamaq istəsək, biz hansı gələcəyi qurmaq haqqında düşünə bilərik?

Ümumiyyətlə isə, çox dərindən anlamaq lazımdır ki, humanitar düşüncənin əsasında kor tutduğunu buraxmayan kimi nə vaxtsa aludə olduğun bir fikri nəyin bahasına olur olsun hamıya təlqin etmək, itələmək, soxuşdurmaq və hətta buna gorə mövqeyindən istifadə edib səninlə bu vətəni, bu ictimai fikri bölüşdurmək məcburiyyətində olan əks düşüncəli insanları ucuz ifadələrlə təhqir etmək kimi yalançı prinsipiallıq yox, cəmiyyətin bütövlüyü, birliyi naminə əks fikri bölüşə bilmək mədəniyyəti, KOMPROMİS durur. Tarixə, tarixi şəxsiyyətlərə baxışımızı bu əsas üzərinə keçirməyə məcburuq.