Kəmalə Abiyeva - Bir layla de...

Ədəbiyyat 15:12 / 08.09.2025 Baxış sayı: 1883

 

Bir layla de, layla, ana,

bir az sakit, bir az rahat yata biim

O nağıllı uşaqlığın əllərindən tuta bilim.

Gecələrin sükutunu ürəyimdən ata bilim

Bir layla de, layla, ana,

qoy o kövrək uşaqlğım nəfəsinə sığınaraq

bu günümə dönsün mənim,

köməyimə gəlsin mənim.

Qoy üzümü mən hamıdan

güclü sanım, güclü bilim.

Bir layla de,layla, ana,

səsin dolsun ürəyimə

Mən laylanda qoy bir azca əzizlənim,

qoy bir azca güzgülənim, təmizlənim

Bir layla de, laylan gəzsin Yer üzünü,

gözü yaşlı arzular var Yer üzündə,

sən onları ovut, ana.

Səsin gəzsin Yer üzünü,

mürgüləyən, yuxulayan ürəklər var,

duyğular var Yer üzündə,

laylan ilə sən onları oyat, ana,

yatanları oyat ana,

yatmışları oyat, ana.