Aida Adıgözəıdən BİR  QOM ŞEİR

Ədəbiyyat 08:28 / 08.09.2025 Baxış sayı: 2426

 

                     Düşmüşəm

Köhnə sevdam, məhlənizdən keçirəm,

birdən-birə yar, könlümə düşmüsən.

Təbib dedi:- azarlısan, xəstəsən,

arzuladım nar, könlümə düşmüsən.

 

Əlim gəlməz qapınızı döyməyə,

çağıram gəl bir cüt alma dərməyə,

əlləşəsən köynəyimdən girməyə,

yaxası dar, dar, könlümə düşmüsən.

 

Gözün yolda, gözləyirsən işarə,

bəlkə bu qız dönüb gələr dübarə,

xəbərin yox xəbərdən ay biçarə,

qapıda yar, yar, könlümə düşmüsən.

 

*****

Payız çatıb, bir addımda dayanıb,

sellər məni götürəndə gələrsən.

Alıb çırpıb qayalığa dalğalar

bir-birinə ötürəndə gələrsən.

 

Payız, qışı canım çıxar yollarda,

gözüm kökü saralar da, solar da.

Yaz bir gəlsin, bənövşə tək kollarda,

boynubükük bitirəndə gələrsən.

 

Qarışqa tək kədər yedi bitirdi,

dodağım söz, dilim şeir şeirdi.

Bəlkə bir gün aldı biri götürdü,

yarım qalan sətirində gələrsən.

 

Zaman atlı, biz piyada a zalım,

bundan sonra nə satacaq, de alım?

Son sözün nə, ya gedmimi ya qalım?

Yoxsa bir gün itirəndə gələrsən?

 

Tənələrim ara açdı, bilirəm,

dinc durmuram, yazıb yenə silirəm.

Heç olmasa a Qorxağım, ölürəm,

əcəl özün yetirəndə gələrsən...

 

Sən hardan biləsən

Sən hardan biləsən bölünmək nədir?

Sən hardan biləsən Araz nə çaydır?

Sən hardan biləsən hər gün ürəyim,

gecələr o taydır, gündüz bu taydır?!

 

Sən hardan biləsən bu taydan baxıb

yanan işıqlara ağlamaq nədir?

 

Sən hardan biləsən məndən bir parça

haçan, necə qopub, Təbrizimdədir?!

Sən hardan biləsən sərhəd xətləri,

mənim ürəyimin nəyindən keçir?

 

Sən hardan biləsən qarğıdıxlarım

mənim ürəyimin suyundan içir?!

 

Sən hardan biləsən nə çəkir Anam,

sən hardan biləsən nə axır Araz?

Sən hardan biləsən, hardan biləsən,

Arazın yarası dərin ya dayaz?!

Sən hardan biləsən o taylıyam mən,

 

Araz deyə-deyə Kürlə böyüdüm.

O taydan başlanan yüz illik yolu

bu tayda bir kənddə həsrət bitirdim!

Bir gün unudacaq bu kənd də məni...

 

Mənasızlıq

Bilirsənmi, səndən sonra nə oldu?!

Səndən sonra mən Günəşi itirdim.

Qaranlıqdı iç dünyamın hər küncü,

divarları tuta tuta kor kimi,

bu dünyanın boşluğuyla gedirdim.

 

Bu dünyanın boşluğuyla gedirdim,

üfüqdəki işartının dalınca.

Ümid idi, inam idi, bilmirəm,

aparırdı ömür adlı yolları

ürəyimdə bircə gilə qalınca.

 

Ürəyimdə bircə gilə qalınca,

qızınırdım Tanrı payı atəşə.

Odpərəstlik kökümüzdən qalmışdı,

bilirdim ki, bilirdim ki Yer üzü

qovuşacaq mənim kimi Günəşə.

 

Qovuşacaq mənim kimi Günəşə,

görməyəcək dodaqlarda söz soldu.

Kimsə bir gün deməyəcək bilirəm,

üzülərək bir-birinə baxıb da, -

bilirsənmi, səndən sonra nə oldu?

 

Eqoist şeir

Ehey, eşidirsən qara buludlar?

Sıxıb şoralaram seli gözümdən.

Kükrəyib baxmaram önə çıxana,

yağışam, yağaram çıxıb özümdən.

 

Baş alıb gedərəm çöl-düzənlərə,

kim mənə deyəcək yuva uçurma?!

Yaxşılıq deyil ki əlimdən gəlsin,

deyim leysanlara dayan, ta yağma!

 

Mənə nə çöldəki ana turacdan,

mənə nə koldakı bala kəklikdən.

Uçuq bir komada kimsəsiz qarı,

belə cəhənnəmə ölür təklikdən.

 

İtil gözlərimdən yaralı ceyran,

sənin nə ölümün dərin dərədə?

Belə yaxşı edib əlində tüfəng,

ovçu pusqu qurub yaxın bərədə!

 

Mənə nə kimlərdən ya kimsələrdən?

Mənə nə dünyadan, hər gün fırlanır.

Yer üzün düzəltmək mənəmi qalıb,

hər gün bir yerindən qan şoralanır...