Xanım İsmayılqızı - Şəkillər danışanda qiyamət qopur.
Şəkillər danışanda qiyamət qopur.
Səni yenə yaşadır sənə.
Tutub çəkir ömrün şəkillərinə.
Yığışdırır ayağın dəyən sonraların
hər vaxtından.
Bir də, bir də keçirir həyatından.
Şəkillər danışanda qiyamət qopur.
Ümidlərin qırılmış zəncirindən asılırsan.
Üzünə çırpılan sözlərin ağırlığından izin qırılır.
Baxışların son nöqtələrini
toplayırsan yaddaşının dadından.
Hər nöqtənin hekayəsi yazılır göz adından.
Şəkillər danışanda qiyamət qopur.
Duymadığın günlərin, doymadığın ayların,
Saymadığın illərin əsirinə köçürsən.
Bura qədərləri ölçüb-biçirsən.
Düzülürsən şəkillərin sırasına.
Yıxılırsan şəkillərin arasına.
...Şəkilə dönənlər artıq küsmürlər...
...Şəkilləri öpürsən də susmurlar...
2017.