Ayaz Arabaçı : - BAYRAQ

Gündəm, Ədəbiyyat 09:00 / 09.11.2024 Baxış sayı: 2816

 

 

Gör necə də vüqarla başım üstə durmusan,

Yenilməz bir ulusa, yurda tən, uca bayraq.

Bəs eləyir vəsfinə bircə qızılı misra,

Bu torpaq uca bayraq, bu vətən uca bayraq..

 

Dönük çıxsam yurduma, bu dünyaya kor baxım,

Səninlə bir kəsilib, göbək bağım, qor bağım,

Altına getsəm belə sən ucalan torpağın,

Sənə sevgim düşməz heç, qüvvədən ulu bayraq..

 

Səndən üstün nə var ki, adımı ad eləsin,

Günəşə dedim səni, hər səhər yad eləsin,

Uca Tanrı ruhunu həmişə şad eləsin,

Səni kim yaradıbsa nüvədən, ulu bayraq..

 

Bu illərə gördüyüm çin çıxmış bal yuxumdu,

Xilaskar oğulların hər birisi Nuhumdu..

Səni dalğalandıran külək deyil ruhumdu,

Qumaşına dirəkdi bu bədən uca bayraq..

 

Əbədi dalğalanmaq həvəsini duyuram,

Ürəyini oxuyur və səsini duyuram,

Nəbzini dinləyirəm, nəfəsini duyuram,

Məni-mən eyləyənsən, məni-mən, uca bayraq..

 

O sənin şəhid oğlun, bu sənin şəhid bacın,

Gəlsin, sinəmə gəlsin, nə ki, var,ağrın-acın,

Dalğalanır Murovun yelində qıvrım saçın,

Ətəyi coşqun dəniz, başı çən, uca bayraq.

 

Ən uca zirvələrə qartal kimi çökürsən,

Bilirsən də, kimlərin ürəyini sökürsən,

Hər baxanda düşmənin gözlərini tökürsən,

Ayından-ulduzundan nur əmən uca bayraq.

 

O zəfərdən anamız Təbrizə də dilərsən,

Qanlı göz yaşlarını ətəyinlə silərsən,

Kefin harda istəsə dalğalana bilərsən,

Qazanmısan bu haqqı, sən ey, sən, uca bayraq..

 

Qoruyub yaşatmışıq səni qan bahasına,

Min-min oğul, min-min ər, min-min can bahasına,

Daha nə yazım axı, nə yazım dahasına,

Bayraq deyirəm sənə, bayraq, ən uca bayraq..

Bir mətn şəkili ola bilər