Təranə   Məmmədin OLAYA  ÖZƏL  MÜNASİBƏTİ 

YAZARLAR 07:57 / 29.07.2025 Baxış sayı: 2259

Bir neçə gündür FB səhifələrində iki qadın haqda o qədər danışılır, onların arasında baş verənlər o qədər maraq doğurur ki, hətta dünyada baş verən bir çox qlobal, mühüm məsələlər sanki unudulub.

Düşünürəm ki, mövzu hər kəsə məlumdur və onu mahiyyətinə varıb bir daha təkrarlamağa ehtiyac yoxdur.

Qadınlardan biri həddən artıq açıq- saçıq geyinib, onun geyiminə irad tutan qadın isə hicablıdır.

Bu müxtəlif dünya görüşünə malik, müxtəlif həyat tərzi keçirən iki qadını bir araya gətirən yalnız musiqidir ki, o da onlar üçün çox fərqlidir.

Yəni, biri pop estrada müğənnisi, digəri muğam ifaçısıdır.

Göründüyü kimi bu insanlar arasında fərq o qədər böyükdür ki, onların nəinki geyimə heç nəyə münasibəti eyni ola bilməz!

Bu iki kifayət qədər tanınmış qadının hansının yaxşı hansının pis, hansının səviyyəli hansının səviyyəsiz olmasını müəyyən etmək istədikdə bir sual yaranır: bu müqaisəyə ehtiyac varmı? Məncə yox.

Biz müasir, demokratik bir ölkədə yaşayırıq. Cəmiyyətimizdə müxtəlif şüurlu, müxtəlif əqidəli insanlar mövcuddur.

Hər kəs öz düşüncəsində olduğu kimi, geyim seçimində də azaddır. Əgər geyim, hərəkət, düşüncə heç bir mövcud qanunları pozmursa, hər hansı bir qadağa əbəsdir.

Şəxsən mən Nigar Camalı məlum konsertdə daha gözəl görmək istərdim. Bu dəfə təəssüf ki, görə bilmədim. Ona görə yox ki, geyimi açıq-saçıq idi, ona görə ki, daha eleqant, daha stilli, daha şik geyim seçə bilərdi. Lakin...bu yenə də Nigarın, onun stilistinin seçimidir və biz qəbul edə də bilərik, etməyə də.

Hesab edirəm ki, Fərqanə Qasımovanın hər kəs kimi Nigar Camalın geyimi, ifası haqda fikir bildirmək hüququ var. Əgər sözlərində heç bir təhqiramiz kəlmə yoxdursa, bu tənqid normal qəbul edilməlidir.

Hər iki ifaçıya uğurlar və bir- birinə hörmət və sayqı ilə yanaşmağı arzu edərdim, çünki hər birinin öz dinləyicisi, öz izləyicisi, öz fanatı var.