Bəhram Bilaloğlu - Küləyin bəxş etdiyi duyğular
Külək onun saçlarına toxunanda sanki zaman dayanır. Hər qıvrımda bir xatirə, bir duyğu, bir susqun mahnı gizlənir. Elə bil təbiət onun telləri ilə danışır, səssiz bir pıçıltı ilə varlığını tərənnüm edir. Bu qadın təkcə gözəlliyin deyil, həm də zərifliyin, dərinliyin rəmzidir.
O qadın sanki həyatın özüdür — həm külək kimi sərbəst, həm də o küləyin toxunduğu gül kimi zərif. Onun baxışlarında uzaq səmanın mavi sükutu, təbəssümündə torpağın doğmalığı var. Saçlarının hər hərəkəti həyatın axışını xatırladan hadisə kimidir— bəzən coşqulu, bəzən sakit, amma həmişə mənalı.
İnsanı ona çəkən təkcə gözəllik deyil, bir ruh istiliyidir. Bu istilikdə səmimiyyət, mərhəmət, bir az da qürur gizlənib. Onun tellərinə heç bir əlin toxunmasını istəməzsən, çünki o saçlarda saf bir dünyanın nəfəsi duyulur. Bəzən düşünürsən ki,elə bil külək də onun sirlərini qorumaq üçün əsir.
Belə qadınlar sevilmək üçün deyil, dərk olunmaq üçün yaranıblar. Onların yanında zaman unudulur, sükut danışmağa başlayır. Hər baxış bir dua, hər təbəssüm bir həyat dərsidir. Onlar həyatın öz poeziyasıdır — səssiz, amma hər sətri ürəyə toxunan.
Külək onun saçlarını qıvranda, anlamaq olur ki, gözəllik sadəcə görünən deyil — hiss ediləndir. Həqiqi gözəllik o zaman yaranır ki, külək də, ürək də eyni ahəngdə nəfəs alır.
Ürəyinizi qoruyun,sevgi və məhəbbət gülləri əkin,qoymayın solsun!