Əbülfət Mədətoğlu - GÜN KEÇDİ

Ədəbiyyat 09:38 / 23.10.2025 Baxış sayı: 3275

 

Ağlıma yüz fikir taxdım

Saqqala , həm bığa baxdım...

Baxdıqca əridi vaxtım -

Gün keçdi...

 

Səsləndim, çatmadı səsim

Sunami deyildim - əsim!..

Ayaq tutanda həvəsim -

Gün keçdi...

 

Xaldı dizimdə döyənək

Sinəmdə yumruq - dəyənək...

Düşündük...bəlkə bəyənək ?! -

Gün keçdi...

 

Səndən sevgini umunca

Ömrümün adın duyunca...

Gözümü açıb- yumunca -

Gün keçdi!

 

Çaxmaq gözləyən fitildim,

O qədər zaman itirdim...

Bu şeri yazıb bitirdim-

Gün keçdi!