Ələddin Əzimli - "SÖZLƏRDƏKİ SƏN"DƏN İKİ AN
SONSUZ YOL
*1*
Bir həzin ümid,
Bir anlıq yağış,
bir qəfil şimşəyin
sorağındayam.
Özüm də bilmirəm
harda, hardayam.
Sən Allah, səsləmə,
çağırma məni.
Bu dərddən, ağrıdan
qoparma,
ayırma məni.
Yenicə duyuram,
deyəsən , axı
əzabdan keçən,
mənzili bilinməz
sonsuz yoldayam...
*2*
YOL ÜSTƏYƏM
Yol üstəyəm,
tutma məni söhbətə.
Yaxşı bilirsən
günün batar vaxtıdı-
qürub vaxtı
düşmür mənə.
Özüylə qəm gətirir,
kədər gətirir.
Qara xəbər gətirir.
Yol üstəyəm,
arxadan çağırma.
Su at dalımca,
çalış ağlama...