Sevil Gül Nur-Ümidsiz sabahlar
Bu yersiz gedişindən baş açmadım, incimə,
Yenə oyun oynadın, dayanmadın dinc yenə.
Toplayıb xatirəni qəlbimin bir küncünə,
Sənə son şeiri yazdım, fonda da segah getdi...
Nə bir günə sığışdıq, nə bir ay ola bildik,
Nə qaynayıb-qarışdıq, nə də sıyrıla bildik,
Biz nə murada yetdik, biz nə ayrıla bildik,
Sənin şıltaq həvəsin gah qayıtdı, gah getdi...
Bəlkə də mənası yox gözləməyin heç səni,
Tez itirdim, di gəl ki tapmış idim gec səni.
Xəyalına bürünüb ötürdüm çox gecəni,
Yoluna baxa-baxa gör necə sabah getdi...
Sənsizlik nə yaşatdı? Gəl bax ömrə, bax günə,
Daha ümid qalmayıb duram, çıxam sağ günə.
Bircə saçlarım oldu sənsiz çıxan ağ günə,
Üç gündə gəldi bəyaz, qırxillik siyah getdi...
Deyirlər, yüz qapını bircə dua açandır,
Tutunsan göy üzünə, ömrünə nur saçandır.
Göylərin ətəyindən yapışmışam, haçandır,
Dilədim də, olmadı, ta məndən günah getdi...
02. 11. 2025