Saqif Qaratorpaq - Daha təkcə özüməm bu qədim xarabada,

Daha təkcə özüməm bu qədim xarabada,
Bir də veyil küləkdi-buludları hürküdən.
Bir bənövşə boylanır bir divarın çatından,
Bir də sınıq qapıdı...nə gələn var,nə gedən..
Unudulmuş adayam kainatın ovcunda,
Itirmişəm illərin sayını, hesabını.
Bu gündən başlayaraq gərək təzədən yazam
Köhnə-kürüş ömrümün sonuncu kitabını.
Ha axtardım hər yeri bir ağ varaq tapmadım,
Batıb baxt gəmisində zamanın sularına.
Yadımdan çıxır deyə,nə varsa bircə-bircə
Cızım tənha evimin boz,uçuq divarına.
Silinib yaddaşımdan,yoxdu bir xatirə də...
Hərdənbir xatırlayıb barı bir az kövrəlim.
His basmış bir çıraqdı nə zamandı ürəyim,
Hovxurub nəfəsiylə parıldadar kim silib...