28 Aprel işğalı -  M.Ə.Rəsulzadənin əsərləri üzərindən təhlil

Gündəm, Elm 11:42 / 29.01.2024 Baxış sayı: 2280

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi işığında

 

 

VAQİF ŞİRİNOĞLU

AMEA A.A.Bakıxanov adına Tarix və  Etnologiya İnstitutu, tarix elmləri doktor

 

Mühacirət ədəbiyyatını yaradanlar real tarixi həqiqətlərin işıq üzü görməsinə və sonralar problemlə əlaqədar müasir dövrün tarixşünaslığının yaranmasına mühüm təsiri olmuşdur desək, fikrimizcə, yanılmarıq.

Mühacirət tarixşünaslığını yaradanlar(M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.B.MəmmədzadəN.Şeyxzamanlı və başqaları) 1917-1920-ci illərin ictimai-siyasi hadisələrində aktiv iştirak etmiş, 1918-ci ildə Şərqdə ilk demokratik Cümhuriyyət qurmuş, 1920-ci ilin aprel çevrilişindən sonra məcburən xarici ölkələrə mühacirətə getmiş və uzun müddət mühacirətdə yaşamalarına rəğmən, Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda yorulmadan mübarizə aparmış insanlar idilər. Onların yazdıqları əsərlər həm mənbəşünaslıq, həm də tarixşünaslıq baxımından olduqca qiymətlidir.

1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra AXC xadimlərinin əsərləri Azərbaycan Respublikasında yenidən və bir neçə dəfə təkrar nəşr olunmuşdur.

70 il ərzində Sovet imperiyasına qarşı mübarizə aparan mühacirət tarixşünaslığı böyük maraq doğurmaqla yanaşı, həm də araşdırılan problemin tarixşünaslığının öyrənilməsində əhəmiyyəti olduqca böyükdür. Lakin mühacirət tarixşünaslığında problemə obyektiv yanaşmanı çətinləşdirən amillər də olmuşdur. Bu amillər onların Ana vətəndən uzaq olmaları, eləcə də elmi-tədqiqat materiallarınınvə sovet arxiv sənədlərinin əldə etmək çətinlikləri ilə bağlı idi. Bütün bunlarla yanaşı, tam əminliklə qeyd olunmalıdır ki, araşdırılan problemlə əlaqədar olaraq mühacirət ədəbiyyatı 70 il sovet tarix elminə qarşı bir alternativ tarixşünaslıq olmuşdur.

1920-ci ilin aprel işğalından sonra xarici ölkələrə mühacirətə getməyə məcbur olmuş Cümhuriyyət liderləri XX əsrin 20-70-ci illərində yazmış olduqları əsərlərdə AXC-nin süqutunun və Azərbaycanda bolşevik rejiminin qurulmasının səbəblərini dərindən araşdırmağa çalışmışdılar. Onlar 28 aprel işğalı və ondan sonra Azərbaycanda baş vermiş hadisələrə obyektiv münasibət bildirməyə çalışmışdılar.

1923-cü ildən etibarən İstanbulda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə “Yeni Qafqaziya” (1923-1927-ci illər), “Azəri türkü” (1928-1931-ci illər), “Odlu yurd” (1929-1931-ci illər), “Azərbaycan yurd bilgisi” (1932-ci il) jurnalları nəşr olunmağa başlamışdır. Bu jurnallarda Azərbaycanın 1917-1920-ci illər tarixinə aid memuar, publisistik məqalələr çap edilmişdir. Eyni zamanda, XX əsrin 20-30-cu illərində araşdırılan problemlə əlaqədar kitablar da nəşr edilmişdir. Lakin 1931-ci ildən sonra Türkiyədə siyasi vəziyyətin müəyyən qədər dəyişməsi səbəbindən Azərbaycan mühacirlərinin böyük bir qismi ölkəni tərk etməyə məcbur olmuş və onların mətbuat orqanlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Lakin ikinci dünya müharibəsindən sonra mühacirlərin Türkiyəyə qayıtmasına rəsmi icazə verilmiş və Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının nəşri bərpa edilmiş və  Azərbaycanın siyasət adamları yurdun qurtuluşu uğrunda öz mübarizələrini davam etdirmişdilər.

M.Ə.Rəsulzadə 1949-cu ilin əvvəlində Ankarada Azərbaycan Kültür Dərnəyi (AKD) yaratmışdır. Onun yaranması ilə Azərbaycanda 1917-1920-ci illərdə baş vermiş ictimai-siyasi hadisələrin tədqiqi və təbliği üçün yeni imkanlar yaranmışdır.

Qeyd etmək lazımdır ki, məqalə hazırlanarkən problemlə əlaqədar M.Ə.Rəsulzadənin bir neçə əsəri təhlil olunub.

M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” adlı əsərinin araşdırılan problemlə əlaqədar əhəmiyyəti böyükdür. Əsər 1923-cü ildə Türkiyədə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, təkrar olaraq, Azərbaycanda nəşr olunmuşdur. O, əsərin müqəddimə hissəsində Azərbaycan Xalq Cümhuriyyəti ilə Sovet Azərbaycanı arasındakı fərqi izah edərkən yazırdı ki, Milli Azərbaycan ilə şimdiki Azərbaycan (Sovet Azərbaycanı nəzərdə tutulur-V.Ş.) arasındakı fərqi bir çoxları idrak edəmiyorlar. Azərbaycan müstəqil ikən get-gedə bütün hüququnun Rusiyaya nədən tərk edildiyini, azərbaycanlıların buna nə üçün razı olduqlarını sonralar rast gəldik. Bolşeviklərin Azərbaycana millət tərəfindən çağrılmış olduqlarına inananlar var idi(Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.Bakı:Elm, 1990, 116 s. S. 10.).

Nə qədər ki, bolşeviklərin mövqeyi Mərkəzdə (Moskva və Petroqradda) və əyalətlərdə zəif idi, xalqların öz müqəddəratlarını həll etməsindən, azad, müstəqil dövlətlərini qurmaqdan danışırdılar, elə ki, onlar qüvvətləndilər yuxarıda qeyd olunan azadlıqlardan imtina etməyə başladılar. Hətta, RSFSR hökuməti xalqları öz tərəflərinə cəlb etmək üçün ardıcıl müraciətlər etmişdir. Məsələn, 1917-ci il noyabrın 2-də Sovet hökuməti “Rusiya xalqlarının hüquq Bəyannaməsi”ni qəbul etmişdir. Həmin bəyannamə bütün xalqların bərabərliyini və müstəqilliyini, onların öz müqəddəratını təyin etmək, hətta ayrılmaq və müstəqil dövlət təşkil etmək hüququnu, bütün və hər cür milli və milli-dini imtiyazların və məhdudiyyətlərin ləğv edilməsini elan edirdi. Lakin sonradan Leninin başçılıq etdiyi RSFSR hökumətinin xalqlara verdiyi vədlərin yalan olduğu üzə çıxdı. Çünki Rusiyanın bolşevik hökuməti keçmiş imperiyanın sərhədlərini bərpa etmək niyyətində idi.

1917-ci il noyabrın 22-də elan edilmiş başqa bir sənəddə  – “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” adlı müraciətnamədə Sovet hökuməti müsəlman zəhmətkeşlərinə öz həyatlarını azad və sərbəst olaraq qurmaq hüququ olduğu bildirlirdi(Azərbaycan tarixi. 3 cilddə, III c., Bakı: Elm, 1973, 598 s. S. 84).

Lakin Azərbaycanda fəaliyyət göstərən bolşeviklər həmin dövrdə milli məsələnin həllinə lazimi diqqət verməmişdilər. Onlar Sovet respublikasının federasiya və keçmiş çar Rusiyası ərazisində məskunlaşan bütün xalqların, o cümlədən, Türk-müsəlman xalqların öz müqəddəratlarını azad təyin etmək prinsiplərini zəhmət­keşlərə kifayət qədər izah etmirdilər.Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı ki, millətlərin tabe olduqları bir dövlətdən ayrılmağa belə haqlı olduqlarını elan edərkən bolşeviklər, şübhəsiz ki, səmimi deyildilər. Onlar bu haqqı millətin təbiətindən doğan bir qiymət kimi dəyərləndirməyir. Zamanın ən təsirli bir şüarı olan bu fikri öz məqsədlərinə xidmət etdirmək üçün hiyləgər bir manevra ilə istifadə edirdilər(Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti”. Bakı: Sabah, 1994, 134 s. s. 48). Daha sonra M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycan muxtariyyəti demokrasinin deyil, xanların, bəylərin,ağalarındır”-deyə iddia dəyişdi. Lenin mərkəzdə mövqeyini möhkəmləndirdikcə vilayətlərdəki “həvarisi” həman birər mərkəziyyətçi və böyük rusiyaçı şəkil və simasını almağa başladılar”(Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti”. Bakı: Sabah, 1994, 134 s. S. 32).

M.Ə.Rəsulzadə bolşeviklərin daxili və xarici siyasətini, milli məsələyə münasibətini və s. məsələləri təhlil edərkən, xalqların öz müqəddəratını azad surətdə həll edə biləcək siyasətinə münasibət bildirərək yazırdı ki, millətlərin tabe olduqları bir dövlətdən ayrılmağa belə haqlı olduqlarını elan edərkən bolşeviklər, şübhəsiz ki, səmimi deyildilər. Onlar bu haqqı millətin təbiətindən nəşət edən bir qiymət kimi dəyərləndirməyir. Zamanın ən təsirli bir şüarı olan bu fikri öz məqsədlərinə xidmət etdirmək üçün hiyləgər bir manevrə ilə istifadə edirlərdi (Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti. Bakı: Sabah, 1994, 134 s. S. 48).

O, bolşeviklərin qurduğu sosializm cəmiyyətini xarakterizə edərkən onu “kəndliyə torpaq verib məhsulunu verməyən kommunizm” kimi dəyərləndirmişdi.

1920-ci ilin yanvar-mart aylarında RSFSR hökumətinin xarici işlər komissarı Çiçerinin Denikinə qarşı birgə mübarizə aparmaq üçün göndərdiyi teleqramı Azərbaycan və Gürcüstan Cümhuriyyətlərinə təzyiq kimi qiymətləndirən və Denikinə nisbətən Lenini daha qorxulu qüvvə olduğunu qeyd edən M.Ə.Rəsulzadə, Azərbaycanın üzərinə gələn bolşevik Rusiyası ilə 1918-ci il bolşevik Rusiyasını fərqləndirmiş və bunun “ondan daha qorxunc bir qüvvət” olduğunu bildirmişdi.

İmperialistlərə qarşı mübarizə aparan Türkiyənin ağır vəziyyətini yaxşı başa düşən M.Ə.Rəsulzadə, bolşeviklərin “Türkiyə dərdi ilə yanan Azərbaycanın gəlbinin həssas nöqtəsinə” vurduğunu dilə gətirmişdir. Daha sonra o, bolşeviklərin Türkiyəyə yardım etmək şüarına aldanan bir qrup türk zabitlərinin bolşevikləri dərindən tanımadıqlarını və bu şüarın “bilxassə bolşevikləri yalnız sözləri ilə tanıyan və kəndləri ilə hesabları bulunmayan bəzi türk siyasi xadimləri və zabitləri üzərində pək böyük bir təsir”i olduğunu vurğulamışdır (Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti”. Bakı: Sabah, 1994, 134 s. S. 62).

Türklüyünü anlamış Azərbaycan ilə türklük üçün qan tökən, can verən Anadolu arasındakı qardaşlıq bağının tarixini nə indiki Türk-Rus təsadüfü münasibətləri, nə də bir qrup şəxsin siyasi xətaları həll edə bilməyəcəyini yazan (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.Bakı:Elm, 1990, 116 s. S.78)M.Ə.Rəsulzadə, Türkiyə məsələsi heç bir zaman biz azərbaycanlılar üçün ürəyimizin ən nazik pərdələri ilə hiss olunan bir məsələ halında xaric olmadığını qeyd etmişdir (Rəsulzadə M.Ə. Əsərləri 1918 - aprel 1920. V c., Bakı: Qanun nəşriyyatı, 2014, 564 s. S. 437).

M.Ə.Rəsulzadə“Əsrimizin Siyavuşu” adlı əsərində yazırdı ki,Rusiya ölüm-qalım mücadiləsində olan Türkiyəyə yardıma gedirmiş və ingilis tərəfdarı Azərbaycan hökuməti ona yol vermirmiş – deyə apardığı təbliğatları bolşevik sui-qəsdlərinin ortaq günahkarı olub, Qafqasiyanın Rusiya tərəfindən təkrar istilasını hazırlayırdı (Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 112 s. S. 46.).O, vəziyyətin belə bir halda olduğu vaxtda qəflətən bolşevik əsgəri aprelin 26-da sərhədə təcavüz etdiyinin xəbəri alındığını və sərhəddə durmalı olan əsgərlər Qarabağ və Qazax cəbhələrində məşğul olduğundan (həmin vaxt Azərbaycan ordusunun böyük bir qismi torpaqlarımıza hərbi təcavüz etmiş erməni silahlı dəstələrinə qarşı döyüşürdü-V.Ş.) 60 min miqdarında təcavüz edən düşmənə qarşı iki saata qədər müqavimət göstərdikdən sonra geri çəkilmək məcburiyyətində qaldıqlarını göstərmişdir (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.Bakı:Elm, 1990, 116 s. S. 66).

Məlumdur ki, Güzey Azərbaycan rus qoşunları tərəfindən işğal olunduqdan sonra üç rəngli Azərbaycan bayrağı qismən Qırmızı sovet bayrağı ilə əvəz edilmişdir. Bakının Qırmızı Ordu tərəfindən işğalından iki gün sonra Türk komandanlar ruslarla əvəz edilmişdi. Hökumətin ən məsul mövqeləri rus, erməni, gürcü və türk olmayan əmələ ilə xaricdən gələn yabançılara verilmişdir. İxtiladan bir ay sonra artıq bütün Azərbaycan məmləkətinin müdhiş bir istilayə məruz qaldığını acı bir surətdə dərs eyləmişdir.

M.Ə.Rəsulzadə Azərbaycan sovet hökumətinin və üsyan etmiş xalqın Qırmızı ordunun Azərbayacana dəvət edilməsinə də münasibət bildirmiş və bunu bolşevik siyasi manevrlərindən biri hesab etmişdir. O, “dəvət edən də özləri, icra edən də özləri” olduğunu yazmışdı.

O, Rusiyanın daxili və xarici idarə sisteminin  mahiyyətindən bəhs edərkən yazırdı: “Rus hankı dinə girirsə-girsin yenə rusdur. Qara da olsa, qızıl da olsa rus imperializmi-imperializmdir. Rusiyada təbəddül edəcək şey, onun üsuli-idarəsidir. Qızıl imperializm böyük Rusiya inqilabının doğurduğu bir sistemdir” (Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.Bakı:Elm, 1990, 116 s. S.91).

O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə bolşeviklərin “Müsavat dövrü” demələrinə də münasibət bildirmiş və “xalq bu dövrə Azərbaycan dövrü” dediyini, “İstiqlal xaricində onun üçün bir Azərbaycan” olmadığını bildirmişdir.

M.Ə.Rəsulzadə tərəfindən AXC-nin ildönümü ilə bağlı yazılmış “Çağdaş Azərbaycan tarixi” adlı digər bir əsəri, 1918-ci il 28 maydan keçən 32 il sonrakı hadisələrə diqqəti cəlb edir. Əsərdə M.Ə.Rəsulzadə 1917-ci ildə Bakıda bolşeviklərin apardığı siyasi mübarizəyə toxunarkən, onların 1917-ci ildə Bakı Sovetində çoxluğu əldə etmək üçün hiylə və müdaxiləyə əl atdıqlarını, onların sosial dayağı yalnız rus və erməni əhalisi, eyni zamanda əsgər və matrosların bir hissəsinin olduğunu göstərmişdir(Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 1991, 112 s. S. 4-5).

M.Ə.Rəsulzadə Şimali Azərbaycanın və o cümlədən Cənubi Qafqazın 1918-ci il istiqlalı və işğalından bəhs edərkən yazırdı ki, Azərbaycan, onla bərabər bütün Qafqasiya Cümhuriyyətləri həqiqi azadlıq və istiqlalına 1918-ci ilin Mayısında qovuşdular. 1920-ci ildə isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basdırıldı.

O, Cənubi Qafqazın işğalında xarici amili doğru olaraq belə dəyərləndirmişdi: “o zaman İngilis baş naziri lord Corc, Londonda onu ziyarət edən Sovet xarici ticarət komissarı Krasinə Krallıq hökumətinin Qafqaz işlərilə maraqlanmadığını bildirmişdi. Qafqazın ən yaxın qonşuları bulunan İran və Türkiyə, xüsusilə sonuncusu, bu zaman milli varlıqlarını qorumaq üçün bolşeviklərlə dostluq və hətta ittifaq bağlamaq zorunda idilər. Millətlərarası durumun bu şəkildə olması ən gənc Azərbaycan Cümhuriyyəti üçün çox faciəli sonluqlar doğurdu”.

Beləliklə, problemlə əlaqədar olaraq M.Ə.Rəsulzadənin əsərlərinin bir qisminin qısa təhlilini ümumləşdirərkən,yazılanlanların təkrar yazmağın yaddaşların xatirəsini yeniləmək üçün xeyirli olacağı düşüncəsi ilə,aşağıdakılarınıqeyd etmək istəyirəm:

  1. Mərkəzdə və əyalətlərdə V.İ.Lenin hökumətinin 1917-ci il noyabrın 2-də “Rusiya xalqlarının hüquq Bəyannaməsi”ndə və  1917-ci il noyabrın 22-də “Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” adlı müraciətində xalqların öz müqəddəratlarını həll etməsindən, azad, müstəqil dövlətlərini qurmaqdan danışırdılar, elə ki, bolşeviklər qüvvətləndilər yuxarıda qeyd olunan azadlıqlardan imtina etdilər və xalqları yenidən zorla rus-sovet müstəmləkəsi altına saldılar.
  2. Denikinə nisbətən Lenini daha qorxulu qüvvə olduğunu qeyd edən M.Ə.Rəsulzadə, Azərbaycanın üzərinə gələn bolşevik Rusiyası ilə 1918-ci il bolşevik Rusiyasını fərqləndirmiş və bunun “ondan daha qorxunc bir qüvvət” olduğunu bildirmişdi.
  3. M.Ə.Rəsulzadə Qırmızı ordunun Azərbaycana dəvət edilməsinə münasibət bildirərkən bunu bolşevik siyasi manevrlərindən biri hesab etmiş və “dəvət edən də özləri, icra edən də özləri” olduğunu göstərmişdir.O, haqlı olaraq yazırdı ki, rus hankı dinə girirsə-girsin yenə rusdur. Qara da olsa, qızıl da olsa rus imperializmi-imperializmdir. Rusiyada təbəddül edəcək şey, onun üsuli-idarəsidir.
  4. O, bolşeviklərin qurduğu sosializm cəmiyyətini xarakterizə edərkən onu “kəndliyə torpaq verib məhsulunu verməyən kommunizm” kimi dəyərləndirmişdi.