Şanlı Türkün qızı mənəm...

Ədəbiyyat 14:05 / 03.06.2026 Baxış sayı: 455

 

 

Özünəməxsus yazıları ilə seçilən şair, qiraətçi Atlaz Rzayi 1991-ci ildə Salyan rayonunun Yenikənd kəndində anadan olub. 2009-cu ildə orta məktəbi bitirib. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2022-ci ildə "Atlaz sətirlər" adlı ilk şeirlər kitabı işıq üzü görüb.

“Turan” Qadın Yazarları Birliyinin üzvüdür. Həmin birliyin mükafatı ilə təltif edilib. O, həmçinin "Həməşəra" fəxri diplomuna və "Ziyadar" mükfatına da layiq görülüb. Atlaz xanım həm də istedadlı qiraətçidir. 

 

AZƏRBAYCAN ANAM

 

Dədə Qorqud dastanında

Burla anam.

Tarixlərin zirvəsindən

parla, anam.

Qoç Koroğlu nərəsinin alovu,

yanındakı Nigar anam.

Çənlibeldən indiyədək

yaşar anam.

Nəbisiylə at üstündə

qoşa gəzən,

göylərində

qoşa süzən

Həcər anam.

Oğuz Türkü hökmdarı

Uzun Həsən

anasıdır Sara anam.

yaramızı saran anam.

sərhədləri geniş olan,

mayası

türk qanından yoğrulan

Ərdəbil, Təbriz,

Xoy, Mərənd.

Zəncan anam.

Mənim bütöv

Azərbaycan anam.

 

YAĞLIVƏND İGİDİ

Birinci Qarabağ Müharibəsinin veteranı Təhmasib Mehtiyevə

  

Yağlıvənd üstündən əsən küləklər

İgid Təhmasibdən dastan deyirdi.

Qürurlu döyüşçü, qorxmaz oğula

Payız küləkləri əl eləyirdi.

 

Ömrünün ən gözəl gənclik çağında

Qarabağ torpağı - O, ana yurdun

Sinəsini oğlu kimi qoruyub,

Səngərindən düşmənləri qovurdu.

 

Güllələr aramsız başının üstdən

Yağsa da vermirdi macal düşmənə.

Vətənin ən ağır, çətin günləri  

Onu da salmışdı kədərə, qəmə.

 

Doğma obasından uzağa salan

O küskün illər də gəlib sovuşdu.

Millətin taleyi güldü üzünə,

Vətən azadlığa - kama qovuşdu.

 

Səngərdə bircə an yenik düşmədi,

Vuruşa - vuruşa o, qalib oldu.

Sonra bir xəstəlik sardı canını,

Günbəgün əridi, gül kimi soldu.

 

Payız layla çaldı göz yaşlarıyla,

Əlini igidin boynuna saldı.

Qəhərdən boğulan adamlar kimi

Torpaq bir igidi qoynuna aldı.

 

ŞƏHİD QANI

 

Əllərinin  xınasına dönübdür

Ürəyindən axan qan.

Bağrım başın yaxan qan.

Qərənfildir, lalədir?

Səpələnib ləçək-ləçək

Boz torpağın üstünə.

Ətrinə bax, ilahi!

Qorxusu yox, hürküsü yox,

Ağrısı yox, üzüntüsü yox.

Üzündəki təbəssümü

Dastan deyir, söz açır.

Boynunu qucaqlayıb.

Boyuna sarıldığı

Silahı da

azadlığa iz açır.

Bir oğul şəhid olur.

Al qanından neçə oğul ucalır,

Bu dünyaya göz açır.

 

ŞANLI TÜRKÜN QIZI MƏNƏM

 

Yerim bəlli, elim bəlli, dilim türk,

Gəl soruşma, haralıyam, kiməm mən.

Fitrətində qəhrəmanlıq daşıyan,

Yaranışdan, doğuluşdan türkəm mən.

Şanlı türkün qızı olan mənəm, mən.

 

Oğuz babam mənə miras qoyubdur,

Turan ellər mənim ana ocağım.

Çıldır gölü, Araz çayı çağırıb,

Ağrı dağı açıb mənə qucağın.

Şanlı türkün qızı olan mənəm, mən.

 

Biz Türküstan olmuşuq çox qədimdən,

Boy atmışıq Altaylardan hər yana.

Dəmir dövrü, Tunc dövründən bu yana,

Kimliyimi isbat edir Çıraqqala.

Şanlı türkün qızı olan mənəm, mən...