Şakir Xanhüseynli - GÖTÜRMƏK
Ədəbiyyat
12:00 / 02.06.2026
Baxış sayı: 383
həyatımızda saatlar,
dəqiqələr çox,
ələyib, seçib
bir anı götürmək.
daşı daş yanında qoyub
yerinə oturanı götürmək...
yerə düşən bir tikəni,
bir əlcəni,
bəzən təzəni deyil,
ən köhnəni götürmək...
hərdən uşağı da dinləmək,
lap əyilib
o uşağın qoyduğunu götürmək.
nə olursa-olsun,
uzağı yox,
yaxını götürmək,
bax,
ancaq
acılara dözə bildiyin qədər döz,
nə minnət götür, nə söz!
***
bir addım atırsan ha,
ikinciyə maraq yox...
deyirəm adamın yarası ola,
o da
şirin-şirin ağrıya,
daha acıdaraq yox...