FİL   SÜMÜKIƏRİ   -  Əşrəf Veysəlli 

Ədəbiyyat 20:14 / 01.06.2026 Baxış sayı: 123

 

Gör məni hayana atdı günlərim,

Nə çalım fəryadı qırıq simlə mən.

Piyada qaldılar atlı günlərim,

Şahmat oynayıram taleyimlə mən.

İndi nə günəşim adam yarıdar,

Nə də üşüyən var soyuq qarımdan.

Bir az taleyimin fiqurları da

Artıqdır özümün fiqurlarımdan.

Şahmat! … düşünürəm bayaqdan bəri,

Füqular - ağlımın cəfakşləri…

Hər qarşı tərəf də kiçik bir ölkə,

Ordular üz- üzə dayamıb burda.

Mahir bir oyunçu əlində bəlkə

Dönüb vəzir olar piyadalar da.

Hələ düşünürəm… füqurlarımın

Çoxu öz işində, öz həvəsində,

Çoxu öz evində, öz ünvanında.

Şah da fil sümüyü qiyafəsində

Hələ lovğalanır filin yanında.

Açılıb önümdə döyüş yolları,

Bu yollar yüz yola çəkirlər məni.

Necə istəyirsən dəyiş yolları,

Bəs niyə mat qoyub fikirlər məni.

Fillər ölümünü bilir deyirlər,

Fillər ayaq üstdə ölür deyirlər.

Bəlkə buna görə fil sümükləri

Daş- qaşlar içində çox qiymətlidir.

Fillər öləndə də əzəmətlidir,

Fillər bir- birinə sədaqətlidir.

Nə satdqınlar var, nə dönükləri…

Bayaqdan bir şahmat taxtası üstdə

Dərin fikrə gedib fil sümükləri…

1970- ci il.