Rafail İncəyurd - Yox olan varlığa var olan yoxluğun ağısı
Essevari mənsur şeir
Xəttini dəyiş, Tanrım!
Xəttini dəyiş.
Bu necə yazıdı,
belə də alınmı yazılar?
İçimi göynədən təbəssüm bürüncəkli
xatirələri danışmağa bir tay-tuş,
bir xatirə ortağı tapa bilmirəm burda.
Yenə gözlərimə daraşıb
köhnə çəpərlərin
qırağı uzunu səpələnmiş,
qoca ağacların
qurumuş budaqlarının
arasında gizlənmiş,
bozaran qapılardan
asılan qıfılların pasına hopmuş
xatirələri kimə danışım, Tanrım?
Huhnəbidən qalan dağdağanın
altına indi də yığışan
məhlə “milli məslisi”nin yeni heyətindən
kimi soruşum, kimi?
Hanı bu məhlənin uşaqları?
Yasın getdi.
Omar getdi.
Cavanşir getdi...
Taryel də ilim-ilim itdi uzaqlarda.
Kimə danışım
Lətif müəllimin evinin yançağındakı
sarı qandağın çəhlim cığırından keçəndə
sürüşüb kəlləmayallaq olha-olda
özünü yetirən Güllər nənənin
uzatdığı əl ağacından
“qorxma, bərk tut”- deməsini?
Kimə danışım Kamıl məllimin
bağnın ayağındakı körpü əvəzi
əyri akasya kötüyündən
məharətlə “İncəsu”yu addayıb
kəsə yolnan məktəbə tez çatmaq
qoçaqlığının sevincini?
Kimə danışım
tez-tez saatına baxan növbətçi müəllimin
“tuyla zəngi vur”- kəlməsi
ağzından çıxmamış götürülüb
məktəbin giriş qapısının ağzında,
sol tərəfdə qovağ ağacından asılmış
yumru kombayn dəmirinə
çay daşını döyəcləməyin əzəmətini?
Hardadı o zəng-dəmir, dururmu, görəsən?
Yoxsa, zamana qarışan
cingiltili səsinin dalınca
paslanıb getdimi o da?..
Kimdən soruşum ki,
kalxozun alma bağının yerində tikilən
təzə, əzəmətli məktəbdən xoşun gəlirmi?
Yoxsa...
Kimdən soruşum ki,
çəpər basıb bir zaman
bu təzə məktəbin yerində sıralanmış
alma, armud, şöytəli... ağaclarını
yoluşdurub qaçanda
üstümüzü alan
İmir babanın, Məhəmməd babanın
kürəyimizdə açılan ağac yavasının
göynərtili izi yadındamı?
Kimdən soruşum ki, yadındamı
qız üstündə qopan məhlə davasının
direktor otağında bitən
acınacaqlı axırıncı seriyası?
Kimə danışım?
Kimdən soruşum?..
Nəyinə lazımdı bizdən sonrakıların
bu “mənasız” hekayətlər?
...
PS:
Tay-tuşlardan olanlara-qalanlara
min şükür yenə!
Yenə öyrənim görüm
qonşu məhlələrdə kim var-kim yox.
Yaxşı ki, hərdən görüşürük
xaloğlum Müzəffərlə Bayılda.
Mədəd Xırdalandan gəlibmi yazağzı,
Rza, Cavad, Abdulla neynirlər,
necədirlər, görəsən şəhərdə?
Məhəmməd də gözə dəymir son vaxtlar,
Fəxrəddindən, Elburusdan heç xəbər yox.
Heydər, Nəriman, Aydın haralardadı?
Tapım: “Gəlmişəm, mən də buralardayam”,- deyim.
Vəli, Əfəndi, Nurəddin, səsimə səs verin...
Qızlarımızın sırasında kim var-kim yox?
Nə var-nə yox?
Bu il buraxılışımızın 55 illiyidi!
Yığışaqmı?
Uşaqları ziyarət edəkmi yenə,
ruhlarını tərpədəkmi?
Paşa, Şahid, Məmməd, Əhməd, Razim
son vaxtlar dalbadal, tələm-tələsik getdilər
Nüsrətgil, Yusifgil tərəfə əbədi uyumağa
Qaraağac dərəsinin yaylasında...
Şöhrət, Nazim, Yolçu
hərəsi öz əbədi yurdundan
baxırlarmı bu fənaya görəsən...
PS2:
...Allah qorusun sizləri,
a yaddaşımızı, xatirələrmizi
diri saxlayan tək-tük kövrək ünvanlar!...
May 2026.
Qazax, İncədərəsi, Kəmərli