Şakir Xanhüseyn -  götür öz boynuna tax o çələngi

Ədəbiyyat 16:52 / 30.05.2026 Baxış sayı: 316

götür öz boynuna tax o çələngi,

bir fərman imzala öz barəndə sən;

üzünə yayılsın bir işıq-sevgi

nəfəsini alıb hər verəndə sən...

 

sanasan bir ümid döyür qapını,

üstünə nur gəlir qatı zülmət də...

axtarıb durasan: kədərim hanı?

görəsən min olmuş ovcunda bir dən...

 

görəsən pəncərən hər gözəlliyə

açılmış bir gözdü heç qırpılmayan...

görəsən tutardı dərd də ürəyə,

bir ağ yol uzanır- sonu olmayan...

onda barmağını dişləyəsən ki,

çəkdiyim acılar buna görəymiş:

onda anlayasan, hisslərini kim

kökləmiş kədərə, bica yerəymiş...