Könül Nuriyeva - Mənə uzun məktub yaz
Mənə uzun məktub yaz,
bayramları düşünmə sən,
təkcə bayramlarda yazılmır ki diləklər…
Bəzən son görüşdən sonra,
bir ömür isti qalır biləklər.
Dolabda qalan üç il əvvəlki,
nimdaş pencəyinin ciblərini arama,
orda gizlənməyib ki xatirələr…
Hər dəfə düşünürəm:
— Görəsən bu məktubda məni əzizləyər?
Məktubu uzun yaz, gecələrdən uzun,
saçlarımdan uzun olsun misraların.
Yazanda ehtiyatlı ol,
qanamasın vurduğum yaraların…
Mənə uzun məktub yaz,
sevgidən danışmasan da olar.
Elə et ki, acı söz çıxmasın dilindən,
elə et ki, darıxmasın vərəqlər…
Elə et ki, uçmasın əlindən,
onu aparmasın küləklər.
İşdəki cansıxıcı mübahisəni yaz,
dayanacaqda səni itələyib keçən
kobud adama qəzəbini tök bura.
Məktubun ortasında,
dəxilsiz yerdə məndən soruş ki:
— Görəsən bu il biz tanış olduğumuz gün gələcək yaz?!
Məktubun sonunda əlini saxla,
istəsən taleyinə zəng et, onu ara.
Xəstəliyindən bəhs et,
dərdlərindən danış...
Baxdığın filmin ən mənasız səhnəsini yaz,
palçıqlı yollarda bulanan ayaqqabını,
üstünə dağılan mərci şorbasının səni hirsləndirdiyini yaz.
İstəsən yazdığını göndərmə, yapışdır divara,
özümü birtəhər çatdıraram ora,
sonra da əlimdə məktub
səhərəcən gəzərəm avara-avara!..
Mənə uzun məktub yaz, sevdiyim,
məktubun ünvanını bilirsən ki,
“Hamıdan gizlədiyim”,
Ekonun qızılgülünü axtarma,
Nitşenin bircə kəlməsi edər bəs
qulağında hər əsərdən bir səs,
bəlkə də ölüm ayağındayam
yazdığın bu məktub
mənə verəcək sonuncu nəfəs!
Deyilməyən sözlər adamın ürəyində qəfəs,
sən mənə yazdıqca,
bəlkə, bu sevgi səni şair etdi,
yazıcılığa yaratdı həvəs?