Sudabe Servi.- NƏRMİN
Hekayə
“Həyatda təsadüfi heç nə yoxdur. Hər şey Allahın iradəsi və hökmüylə baş verir. Bunlar olmalıydı, mən onun həyat hekayəsini yazmalıydım!...”
Nərminlə tanışlığımın qəribə tarıxçəsi var. Evimizin əlli-altmış addımlığında bir ərzaq dükanı var. Təzə və keyfiyyətli məhsullar olduğu üçün çox zaman alış-verişi ordan edirəm. Nərmin orda satıcı işləyir. Onu hər gün görürdüm. Hiss edirdim ki, bu orta boylu, ağ bənizli, qaraqaşlı, qonurgözlü gülümsər çöhrəli qızçığazın içində bir niskilli uşaq var, oturub orda.
İçəri girəndə həmişə gözüm onu axtarırdı. Bəzən alış-veriş seçimində mənə kömək də edirdi. Niyəsə, o da həmişə mənə diqqətlə baxardı.
-Sizi kiməsə bənzədirəm.
Belə dedi bir gün. Gülümsədim. Əlimlə rəflərdən düyü, makaron, bulqur seçə-seçə:
-Yazıçıyam,-dedim.
-Aa... Nə yaxşı. -Xoş təbəssüm ağ bənizini bürüdü. Daha da göyçəkləşdi. Sizin kimi yazıçı ilə tanışlığa çox şadam.
Dayandı. Sözlü adama oxşayırdı.
-Nəsə sözün var?
-İstərdim, bir gün ürəyi varlı, özü kasıb qızcığazın da hekayəsini dinləyəsiz.
Tutuldum. Bildim ki, söhbət özündən gedir. Çevrilib yanakı ona baxdım. Gözləri bulaq kimi safdı. Əlimdəki balaca səbəti yerə qoydum.
-Elə indi dinləmək istəyirəm.
Çox qısa danışdı. Mən tutdum. Bir neçə cümlə ilə anladım onun həyat hekayəsini. "Anamı 3 yaşımda itirmişəm. Atam başqa bir qadın gətirdi evə. Atamın üzü birdən-birə döndü..."
“İlahi, bu qız hələ uşaqkən nələr yaşayıb..”.
-Yazacaqsız?
-Əlbəttə yazacam.
-Sizdən bir xahişim var.
-Buyur.
-Adımı olduğu kimi saxlayarsız.
İlk dəfəydi ki, qəhrəmanımdan belə etiraf eşidirdim. Çoxları öz həyat hekayələrini danışanda adlarının gizli qalmasını istəyirlər. O isə əksinə. Gözləri doldu. Mənimsə ürəyim sızladı. Yazıçı üçün bundan böyük kövrəklik olarmı?
Onun üçün dünyanın sonu anasını itirəndə gəldi. 3 yaşında. Düzdü, bunu çox sonralar anlayacaqdı. Və onda düşünəcəkdi, kaş elə uşaq qalaydım. Onda çox da dərk eləmirdi, anasızlıq nədir. Uzaqdan görünən duman kimi yadında qalan oydu ki, adamlar ağlaşırdılar. Və anası yerdə üzü örtülüydü. Üstünə qırmızı ipək sərmişdilər. Onu yaxına buraxmırdılar. Gözlərini böyüdüb təəccüblə adamlara baxırdı.
Bir də anladığı oydu ki, atası anasının ölümündən az sonra evə cici ana gətirdi. Atası belə demişdi: bu xanım sizin cici ananızdır.
Cici ana ona və kişik qardaşına deyəsən öz anası kimi analıq etmirdi. Sonra təzə başı-qardaşları doğulacaqdı. Görəcəkdi ki, yeni gələn cici ana təzə uşaqlara daha mehriban, daha isti münasibət göstərir. Qəribədir ki, atası da ona və qardaşına əvvəlki kimi yanaşmır, başlarını sığallamır, ayrıca ona “canım qızım” demirdi. Daha çox təzə bacı- qardaşlarını sevər, başlarını sığallayar, onlara hədiyyələr alardı. Qardaşıyla o sanki qonşu uşaqları idilər.
Axı niyə?
Saatlarca balaca otağa qapanıb bunu düşünəcəkdi. Düşünə-düşünə böyüyəcəkdi. Böyüyüə-böyüyə dərk edəcəkdi. Dərk edə-edə həyatın onun üçün hazırladığı sürprizləri geniş açılmış gözləri ilə hər dəqiqə, hər an görəcəkdi. Hardasa oxumuşdu, ana ailənin günəşidir. Bir ailədə o olmasa, orada böyüyən uşaqlar kölgədə qalmış meyvələr kimi gec yetişər.
O da kölgədə qala-qala böyüdü.
Nə vaxt orta məktəbi bitirdi, bilmədi. Yaşından tez böyüdü Nərmin.
Sonra bir gənclə ailə qurdu. Cəmi 3 ayın gəlini oldu. Bəlkə də seçimi düz etməmişdi. Təki evdəkilərdən canı qurtarsın. Sonradan anladı ki, ailə qurduğu bu adamı sevmirmiş. Sevgisiz yaşaya bilmədi. Tərk etdi yeni ocağını.
“Görəsən düzmü etdim?”
Uzun-uzun düşünəcəkdi. Amma olan olmuş, torba dolmuşdu. “Gecdi artıq. Mənim də bir qürurum var”. Özünə haqq qazandıracaqdı. Hər şeyi taleyin axarına buraxacaqdı.
-Nərmincan, sevmədən, kiminsə acığına ailə qurmaq olardımı?-soruşdum.
Tutuldu.
-Haqlısınız. Sadəcə evdən baş götürüb qaçmaq istəyirdim. Təki onlardan canım qurtarsın.
-Axı bu ömürlük qurulan bir həyatdır, quzum...necə yəni təki evdəkilərdən canım qurtarsın? Bəlkə bir az səbrli olsaydın, ya ata evində, ya da ər evində dözsəydin, belə olmazdı...ya evdə dözməliydin, ya da ər evində.
Dinmədi. Gözləri yol çəkdi.
"Niyə ikinci dəfə ailə qurmursan?"-sualıma "Biləndə ki, ailəli olmuşam, qaçırlar məndən..."-dedi Nərmin. Sonra kədərlə əlavə etdi:
“Nədən bizim kişilərin çoxu ailəli olmuş bir qadına təmiz gözlə baxmırlar? Onunla ailə qurmaq istəmirlər? Bəziləri həttra məşuqə kimi baxırlar, pis təkliflər edirlər...”
Nərminin bu sözləri elə hey beynimdə dolaşırdı. Vardı belə kişilər. Ailəsi dağılmış bir xanımla ailə qurmaqdansa, bəziləri ona ikinci qadın olmağı təklif edirlər. Hələ bu olsa, yaxşıdı. Çox vaxt belə qadınlara məşuqə kimi baxırlar.
Amma yenə də nahaq dağıtdı ailəsini.
-Oğlan içib- çəkirdi?-soruşdum.
-Necə?
-Yəni pis vərdişləri vardıı? Narkotik-zad...
-Yoox!
-Onda niyə ayrıldın axı?
-Düşündüm ki, tələsmişəm. Sevə bilmədim onu.
-Axı cəmi 3 ay sürüb evliliyiniz...İnsanın bir-birinə öyrəşməsi üçün bəzən illər lazım olur. Burda qadından yüksək səbr, dözüm tələb olunur. Keçmişdə nənələrimiz olub ki, ərini toy gecəsi görüblər. Amma çox xoşbəxt evlilikləri olub. Burda əsas qadındır. Bu oyun-oyuncaq deyil, qızım, ailədir.
-...
-Bəlkə barışasan?
-Yox. Nə danışırsız? Mənim də bir qürurum var.
-Bax, bu dediyin qürur bəzən biz qadınların həyatını məhv edir. Bunu bilrsənmi? Əgər pis vərdişləri yoxdursa, içib-çəkmirsə, narkoman deyilsə, belə kişiylə ömür sürməyə dəyər. Bilirsən ki, indi gənclərin çoxu narkotikaya meyllidirlər. Belə bir zamanda təmiz ailə qurub sağlam övlad dünyaya gətirmək müşkül məsələdir. Get otur evdə, sakit vaxtında dərin-dərin düşün. Ortalıqda qalma. Özün deyirsən ki, boşanmış qadına bəzən məşuqə kimi baxırlar.
Başını aşağı saldı.
Bütün günü beynimdə ancaq Nərmindii.
"Nərmin hələ çox gəncdir. Bəlkə bir vaxtlar peşiman olacaq. Onda da gec ola bilər. Azmı olub belə şeylər"-yolboyu düşünürdüm. Yadıma məşhur bəstəkar xanımla görüşüm düşdü. Gənc ikən ailəsini sənətinə qurban verdi. Yeganə oğlu dünyasını dəyişdi. Bu da ona dərd oldu. Səksən yaşında tək-tənha dünyadan köçdü. Etiraf etmişdi ki, düz etməyib. Əgər ömür bir də verilsəydi, başqa cür yaşayardı, ən azından 2 və ya 3 övlad dünyaya gətirərdi. Amma o bunu etmədi.
Qəhrəmanım Nərmin hələ uşaqkən mənəvi travmalar yaşayıb. Hirsli, qaşının biri daim yuxarı dartılmış ögey ana baxışları, doğma atanın laqeyd, bomboz sifətini unuda bilmir. Doğru deyirlər ki, uşaq anadan yetim qalır. Nərminin analığı əgər öz doğma övladlarına göstərdiyi qayğının bir azını bu körpə qızcığaza göstərsəydi, qız belə niskilli, küskün baxışlı böyüməzdi. Allaha da xoş gedərdi. Uca Allah buyurur ki, yetimlərin başına sığal çəkin. Yetim haqqı yemək qul haqqıdır. Qul haqqı ilə yanıma gəlməyin.
Yolboyu başımı avtobusun pəncərəsinə söykəyib düşünürdüm.
Nərminin gülümsər çöhrəsi canlanır gözümün önündə. Bu gülüşün altında nə qədər böyük niskil var, İlahi!
Cəmi 22 yaşı var. Taylarının coxu hələ tələbədir.
Həyat bəzən bizə çox ağır sürprizlər bəxş edir, Nərmincan. Bəzən heç gözləmədiyin anda, həyatın ağır sınaqları ilə qarşılasırsan, gənc yaşında mənəvi zərbələr alırsan. Şəxsi həyatında da yarımayan gözəl Nərminim! Nərminlərim!"
Allah sevdiyi bəndələrini hər zaman sınağa çəkir. Sən tək deyilsən!
Sənin kimi minlərlə nərminlər- qız, qadın taleyin bu ağrı-acısını yaşayırlar. Mənim tanıdığım başqa bir gözəl ayüzlü Nərmin də cəmi üç ayın gəlini olub. Qəribədir ki, onun gözəl bacısı da bir neçə ay ailəli olub. Həm də öz qohumunun oğluyla qurduğu ailənin ömrü heç bir il çəkmədi. Kimdir günahkar?
İşdə, evdə, bilgisayarın araxasında olanda belə, saatlarla bu suala cavab tapmağa çalışırdım.
Aradan xeyli vaxt keçdi. Marketə getsəm də, Nərmini görmürdüm. Soruşdum, dedilər işdən çıxıb. Düzü, bilmirəm niyəsə, çox kədərləndim. Onun məsum, saf çöhrəsi gözümün önümdən çəkilmirdi. Tərs kimi telefon da işlətmirdi. Öz nömrəmi vermişdim, bəlkə nə vaxtsa zəng eləyə. Xəbər-ətərsə yoxuydu.
Bir gün işdən yorğun gəlmişdim. Mətbəxdə ağ gilas mürəbbəsi ilə limonlu çay içir, yaddaşımı gücləndirmək üçün krossvord həll edirdim. Belə olduqda bütün yorğunluğum çıxırdı.
Görəsən, Nərmin hardadır? İşdən niyə çıxıb? Atası onu qəbul edibmi? Yenə ögey ana...
Krossvord həll etsəm də, fikrim onun yanındaydı. Hardadır?
Krossvordun bir sualına cavab tapa bilmirdim. Əlimdəki qələmlə yavaşca masaya döyəcləyirdim. “Niyə işdən çıxıb axı?”
Mobil telefonumun qəfil zəngi məni diksindirdi. Tanımadığım nömrədən idi.
-Alo!
Kövrək, musiqili bir səs qulağımda cingildədi.
Aman Allah! Oydu. Nərmindi.
-Salam Nərmincan. Nə yaxşı zəng eləmisən. Necəsən, haralardasan?
-Zəng elədim sizə deyim ki, ərimlə barışmışam. İndi hamiləyəm. Bir qızımız olacaq. Rəhmətlik anamın adını qoyacam, Nazlı.
Ay Allah! Nə gözəl sürpriz. Ağlımın ucundan keçmirdi. O qədər sevindim ki...Uçmağa qanadım yox idi.
-Allah o mələk anana rəhmət eləsin. Məni çox sevindirdin, Nərmincan!
Təsirlənmişdim. Mənim də rəhmətlik anamın adı Nazlıydı...Bir dəqiqə, bir saniyə yadımdan çıxmayan mələk anam-Nazlı anam! Qardaşım nəvəsinə anamın adını qoymuşdu. Allahın işinə bax ki, qardaşımın nəvəsi balaca Nazlı anam dünyaya gələn günü-mayın 5-də doğulmuşdu...
Özümü ağlamaqdan güclə saxlayırdım.
-Siz demişdiz, get sakit başla yaxşı-yaxşı düşün. Mən də çox düşündüm və özüm ona qarşı addım atdım. O da gözləyirmiş zəngimi. Təsəvvür edirsiz? İndi çox xoşbəxtəm. Ana olacam. Ana!
İlahi, sanki öz qızım idi bunları deyən. Öz qızımın taleyinə bu qədər sevinirdim.
Bir an gözümün önündə marketə getməyim, arıq, yumru üzü azacıq çilli, ağbəniz, safbaxışlı satıcı qızın mənə baxması. Yazıçı olmağımı bilməsi. Mənim də həyat hekayəmi yazın, deməsi. Bütün bunlar kino lenti kimi gözümün qabağından keçdi.
Həyatda təsadüfi heç nə yoxdur. Hər şey Allahın iradəsiylə və hökmüylə baş verir.
Bunlar olmalıydı, mən onun həyat hekayəsini yazmalıydım!
Və... nurüzlü mələk anamın adını daha bir körpə qızcığaz yaşadacaqdı...
2017