Şakir Xanhüseynli - İÇİNDƏKİ BÖYÜK ÇÖL
OLJAS AĞAYA sayğıyla
İçindəki nəhayətsiz,
Böyük Çöldən keçə-keçə
Yolları sancdın qurşağına,
nə leysanlara baxdın, nə gürşadlara..
Bir nəğmə səsləndin:
Yay dartıl, irəli ox şığı,
Saç ətrafa ruhundakı işığı, ürəyim!..
Unutmadın
Həmişə at üstəsən piyada belə,
Qışı da beləsən, yayı da belə...
Heç kəsə yaxa ələ vermədin,
Oxumadan varolma tarixini
varağı çevirmədin;
Ey uca dağ,
bax,
Hər yerdən görünən
Ulu bir Çöl adamısan içində--
Zamanın geridönməz əbədi köçündə!
Nabələd yollarda mürşid də özün,
mürid də,
Müəllim də, şagird də özün;
Sən bu dünyaya zatən tarix yazmağa deyil,
Tarix olmağa gəldin,
İgidim, bunu belə bil!.