Ayaz Arabaçı - Günəş 28 may  səhəri doğdu

Ədəbiyyat 10:00 / 28.05.2026 Baxış sayı: 440

Günəş

28 may səhəri doğdu.

Nağıllarda olduğu kimi zülmətləri boğdu.

Bakının küçələrində külək üç rəngdə əsdi.

Məmmədin adında böyük bir adam

azadlığımızın qırmızı lentini kəsdi.

Bir bayraq qalxdı, boy verdi torpaqdan..

Mavisi göylərdən,

Qırmızısı qandan, yaşılı yarpaqdan..

O bayrağı yaradan kişi,

xalqın səsinə çevrildi..

Boğulan bir ölkənin

nəfəsinə çevrildi.

Ağır günlərdən keçmişdi, Zindanlardan keçmişdi,

sürgünlərdən keçmişdi.

Bir millətin taleyini yaşamağı seçmişdi.

1918, 28 may..

Tarix belədi.

O gün Tiflisdə

Azərbaycan, istiqlalını elan elədi.

Bu, əsrlərlə susdurulan

bir xalqın ilk hayqırtısıydı.

Azadlıq günəşinin parıltısıydı.

Azadlıq

Əvvəlcə insanı sevindirir,

sonra qorxudur.

Çünki onu qorumaq

can istəyir.

Azadlıq qurban istəyir.

Cümhuriyyətin ömrü az oldu…

Cəmi iyirmi üç ay.

Elə bil ki, üçə kimi say.

Bir gün

bolşevik qatarları gəldi.

İçində öz xainlərimiz, sapı özümüzdən olanlar.

Müstəqilliyimizə qənim kəsilmiş ilanlar!

Bakının küçələri qaraldı.

Xəzər üşürgələndi.

Bayraqlar endi.

Ümidlər güllələndi.

Küçələr qana bələndi.

Bir millətin yenidən boğuldu səsi.

Pozuldu sevinci, nəşəsi.

Rəsulzadə

Vətənindən uzaq,

həsrət içində yaşadı illərlə.

Təhqir olundu, aşağılandı yaman dillərlə.

Ankarada, Çexiyada, Almaniyada yaşadı,

Amma yenə ümidini itirmədi.

Mücadiləsini sürdürdü, savaşını bitirmədi.

“Bir kərə yüksələn bayraq

bir daha enməz!” dedi.

İllər keçdi…

Bu şüar bir millətin yaddaşında

köz kimi qaldı.

Ən uca, ən müqəddəs söz kimi qaldı.

Və bir gün

yenə may gəldi…

yenə üçrəngli bayraq

səmalara qalxdı.

Allah necə haqdı!!

O gün

Rəsulzadənin ruhu

uzaqlardan Bakıya baxıb

sakitcə gülümsədi.

Dedi ki bu gündür

günlərin ən şərəflisi,

Günlərin ən təriflisi..

Dedi ki,

28 May

sadəcə bayram deyil.

Bu tarix

bir xalqın ayağa qalxdığı gündür.

Bir millətin

öz adına sahib çıxdığı gündür.

Mən onda gördüm ki

Bir xalqın torpağını almaq olur,

səsini boğmaq olur,

tarixini dəyişmək olur…

Amma yaddaşında yaşayan

azadlıq hissini öldürmək olmur.

Çünki azadlıq ruhda doğulur.

Söz kimi deməyə nə var,

Vətən sevgisi ağır sevgidir.

Bu sevgi qarşılıq gözləmədən sevməkdir.

Bir torpaq üçün

ömür verməkdir.

Ölməkdir, itməkdir, azmaqdır.

Məmmədəmin kimi

Adını təkcə tarixə yox,

millətin vicdanına yazmaqdır.

Nə qədər görməzdən gəlsək də

Harda

üçrəngli bayrağımız dalğalanırsa,

Orda

Rəsulzadənin nəfəsi var.

Azərbaycan, Azərbaycan,

Azərbaycan deyən səsi var!!!