Aləmzər Saqdıqqızından  İKİ  ŞEİR

Ədəbiyyat 15:00 / 27.05.2026 Baxış sayı: 1364

Sən ölməsən də olur...

 

Bitdi artıq göz yaşı, bitdi daha qəm, kədər!

Göydən üç alma düşdü sənli nağıllarıma.

Dəyməzmiş sənin üçün, ömrümü etdim hədər,

Səndən məlhəm olmazmış mənim ağrılarıma...

Saxladım köhnə ildə sənə dualarımı,

Nahaq qoydum xonçaya sən adlı yalanımı,

Səni sənə buraxdım ,özümü də Allaha,

Get artıq yerdə yaşa ömrünün qalanını!

Sən hara göylər hara, ora sevənlərindi!

Sevdiyinin könlünü Tanrı bilənlərindi.

Ağlayanda ağlayan, güləndə gülənlərin,

Eşqi üçün can verən, yalnız ölənlərindi...

Məndən bu qədər artıq bu son sözüm ,son arzum,

Qoy butün sevdaların beləcə ötər olsun.

Bir də çıxmaz qarşına, mənim kimi sevənin,

Sənə salam verənlər, səndən min betər olsun!

Son nöqtəni qoyuram gələn Azan səsiylə,

Allah bilir hər şeyi, sən bilməsən də olur.

Allahu-əkbər deyib əlvidasız gedirəm,

Sənin üçün "ölürəm", sən ölməsən də olur!

31.12.2024.

 

Bəlkə belə yaxşıdır...

 

Bəlkə belə yaxşıdır...

Hər şeyin fərqindəyəm.

Aləm mənim dərdimdə,

Mən sənin dərdindəyəm...

Daha dolmur gözlərim...

Ürəyim də üşümür...

Bayaqdan yağış yağır...

Biri ovcuma düşmür...

Ürəyimin səsini ,

lap sonacan almışam...

Necə yaşadım sənsiz,

Özüm də mat qalmışam.

Daha uşaqlar kimi,

Nağıl- mağıl qurmuram...

Hər nağılın sonunda ,

Daha xoşbəxt olmuram...

Bu da belə ömürdü,

Doğulmadan ölmüşəm...

Gəl oxu baş daşımı...

Görüm axı kimmişəm...?