YAXŞI Kİ, VARSINIZ!

MƏDƏNİYYƏT 20:00 / 21.05.2026 Baxış sayı: 173

 

Mayın 20-də Bakının “Libraff” Kitab Evində keçirilən “Həsrətimin ünvanı” kitabımın təqdimat mərasimində iştirak edən hörmətli qonaqlara, dəyərli dostlarıma və əziz oxucularıma ürəkdən təşəkkür edirəm. Səmimi görüşləriniz, xoş sözləriniz, gətirdiyiniz gözəl çiçəklər çox sağ olun!

Tədbirdə iştirak edib dəyərli fikirlərini bölüşən Dağıstan Respublikasının Bakıdakı daimi nümayəndəsi Əliyar Abdullayevə, “Samur” Ləzgi Milli Mədəni Mərkəzi İctimai Birliyinin sədri İmran Rzayevə, Şuşa fatehi, polkovnik Rəşad Aslanova xüsusi minnətdarlığımı bildirirəm.

Təqdimata çoxlu tanınmış qələm adamlarının qatılması tədbirə xüsusi ruh verdi. Yazıçı-publisist Əli Şamilin, jurnalist və bloger Lətif Şamxalın, kitablarımın redaktoru Mehriban Cəfərovanın, tənqidçi Sədaqət Kamalın, jurnalist Nəzakət Kərimovanın, şeirlərimi rus dilinə tərcümə edən şair Aleksandr Rodionovun və gənc qələm sahibi Əfsər Abdullayevin çıxışları maraqla qarşılandı.

Tanınmış alimlər Rəfayət Əlimirzəyevanın, Hilal Məmmədovun və Şafi Danyalovun çıxışları da tədbirə xüsusi məna qatdı. Şair Bəydadaş Cəfərlinin duyğulu və alovlu çıxışı iştirakçıların ürəyincə oldu.

“Suvar” ansamblının bədii rəhbəri Zavir Nəcəfovun təbriki maraqla qarşılandı. Ansamblın solistləri Cavahir Abdulova və Roza Hacımuradova poetik-musiqili çıxışları ilə tədbirə gözəl ovqat bəxş etdilər. Balaca oxucularım Sariyat Həmidova və Səbinə Şixkərimova isə şeirlərimi böyük duyğu ilə səsləndirərək hər kəsi heyran etdilər. Onların səmimi çıxışları mənə xüsusi sevinc yaşatdı.

Bu tədbirdə sadəcə bir kitabın təqdimatı olmadı. Orada sözə sevginin, ədəbiyyata bağlılığın, mənəvi yaxınlığın və oxucu məhəbbətinin əsl bayramı yaşandı.

Biz qələm adamlarının ən böyük dayağı vəfalı oxucularımızdır. Yazıçı oxucunun qarşısına yalnız kitabı ilə deyil, ruhu ilə çıxır. İnsan bəzən ən gizli duyğularını, qəlbində yaşatdığı sirləri belə oxucusuna etibar edir. Həyatda ən böyük qazancım məhz sədaqətli oxucularım və kitablarımın mənə qazandırdığı dostlardır. Çünki kitab vasitəsilə yaranan dostluq adi tanışlıq deyil - ruhların yaxınlığıdır. Dünən o doğma insanların bir arada olduğunu görmək mənim üçün böyük xoşbəxtlik idi. Orada mənim üçün təsadüfi heç kim yox idi. Hər birinizlə məni bir xatirə, bir söz, bir insani bağ birləşdirir.

Mənə yaşatdığınız bu gözəl anlara görə hər birinizə sonsuz təşəkkür edirəm. Nə yaxşı ki, varsınız!

Yığcam Göstər