“ŞƏFƏQ”İN 35 İLLİK YUBİLEYİ – SÖZÜN, RUHUN VƏ MƏNƏVİYYATIN İŞIĞI

YAZARLAR 11:21 / 26.05.2026 Baxış sayı: 375

 

Otuz beş il. Bu, sadəcə zaman ölçüsü deyil. Bu, bir ədəbi ocağın ömür salnaməsi, bir mənəvi məktəbin tale kitabıdır. “Şəfəq” illər boyu Azərbaycan ədəbiyyatının işığına çevrilərək neçə-neçə qələm sahibini ətrafına topladı. Bu məclis yalnız şeir oxunan, yazı müzakirə edilən bir məkan olmadı. “Şəfəq” həm də insanların qəlbini saflaşdıran, düşüncəsini işıqlandıran, sözə və sənətə sevgini yaşadan mənəvi bir məktəbə çevrildi.

Söz insanlığın ən böyük sərvətidir. Qılıncla alınmayan qəlbləri söz fəth edib. Tarixlər dəyişib, hökümdarlar unudulub, saraylar dağılıb, amma söz yaşayaraq zamanın yaddaşına çevrilib. Həqiqi söz heç vaxt ölmür. O, bir xalqın ruhunda, mənəviyyatında, yaddaşında yaşayır. “Şəfəq” də illərdir bu müqəddəs sözün keşiyində dayanan mənəvi bir ocaq kimi fəaliyyət göstərib. Burada deyilən hər fikir, yazılan hər misra insan ruhunun işığına çevrilib.

Bu yubiley tədbiri bir daha göstərdi ki, həqiqi ədəbiyyat zamanın içində itib getmir. Əksinə, zaman keçdikcə daha da böyüyür, daha da müqəddəsləşir. “Şəfəq”in 35 illik yubileyi də məhz bu müqəddəsliyin bayramı idi. Burada deyilən hər fikir, səslənən hər misra, xatırlanan hər ad sözə verilən böyük qiymətin ifadəsinə çevrildi.

Ədəbiyyat insan ruhunun aynasıdır. İnsan bəzən özünü kitablarda tapır, bəzən bir şeirdə yaşayır, bəzən də bir cümlənin içində illərlə gizlətdiyi hisslərini görür. Sözün böyüklüyü də məhz bundadır. O, insanın iç dünyasına toxunmağı bacarır. “Şəfəq” kimi ədəbi məclislər isə bu toxunuşun mənəvi ünvanına çevrilir. Çünki burada söz yalnız oxunmur, həm də yaşanır.

Tədbirin ən diqqətçəkən məqamlarından biri də AYB-nin Lənkəran şöbəsinin müdiri Qafar Cəfərli haqqında səslənən yüksək fikirlər oldu. Çünki Qafar Cəfərli təkcə bir təşkilat rəhbəri deyil, həm də bölgədə ədəbi mühitin yaşaması üçün fədakarlıq göstərən mənəviyyat adamıdır. Onun fəaliyyəti uzun illərdir ki, sözə, sənətə və yaradıcı insanlara dayaq olmaq üzərində qurulub.

Qafar Cəfərli bölgədə ədəbiyyatın nəfəsini yaşadan, gənc imzalara yol açan, qələm adamlarını bir araya gətirən nadir ziyalılardandır. O, ədəbi mühiti yalnız idarə etmədi, onu yaşatdı. Bu gün Lənkəranda və ətraf bölgələrdə ədəbi mühitdən danışılırsa, burada Qafar Cəfərlinin zəhməti xüsusi qeyd olunmalıdır. Çünki o, sözün dəyərini bilən, qələmin məsuliyyətini anlayan insanlardandır. Onun fəaliyyəti sayəsində neçə-neçə yaradıcı insan ruhdan düşmədi, sənətdən uzaqlaşmadı.

Əslində, belə insanlar görünən işdən daha çox görünməyən zəhmət çəkirlər. Ədəbi məclislərin təşkili, qələm adamlarının bir araya gətirilməsi, mənəvi körpülərin qurulması asan məsələ deyil. Qafar Cəfərli illərdir bu yükü səssiz bir fədakarlıqla daşıyır. O, ədəbiyyata ötəri maraqla yanaşanlardan deyil. O, sözü vicdan məsələsi sayan insanlardandır. Bu səbəbdən də onun fəaliyyəti bölgə ədəbiyyatında xüsusi ehtiram doğurur.

Sözə xidmət etmək əslində xalqa xidmət etməkdir. Çünki xalqın ruhunu yaşadan onun dili, ədəbiyyatı və mənəviyyatıdır. Qafar Cəfərli də illərdir bu müqəddəs missiyanın daşıyıcısına çevrilib. O, təkcə tədbirlər təşkil edən insan deyil. O, insanları söz ətrafında birləşdirən, qəlblərdə ədəbiyyata sevgi oyadan ziyalı simadır. Belə insanlar cəmiyyətin görünməyən sütunlarıdır. Çünki onlar mənəviyyatı qoruyurlar.

Tədbirdə çıxış edən Salim Babullaoglu “Şəfəq”in mənəvi-estetik missiyasını xüsusi poetik ovqatla vurğuladı. Onun çıxışında sözün fəlsəfəsi, poeziyanın ruhu duyulurdu. Səlim Babullaoğlu “Şəfəq”i sadəcə bir ədəbi çevrə kimi deyil, milli düşüncənin mənəvi yaddaşı kimi təqdim etdi. Onun nitqindəki dərinlik göstərirdi ki, həqiqi poeziya insanın ruhundan doğur və yenə insanın ruhuna qayıdır.

Reshad Mecid isə çıxışında ədəbiyyatın insan taleyindəki rolundan danışdı. O bildirdi ki, həqiqi söz adamları zamanın fövqündə dayanmağı bacaran insanlardır. Rəşad Məcidin nitqində publisistik dinamika ilə bədii düşüncə vəhdət təşkil edirdi. Onun fikirləri tədbirə xüsusi canlılıq gətirdi. O, sözün yalnız yazılmadığını, yaşandığını hiss etdirirdi.

Vaqif Yusifli isə “Şəfəq”in Azərbaycan ədəbi mühitindəki yerini elmi və ədəbi əsaslarla təhlil etdi. Onun çıxışı sanki ədəbiyyatın keçmişlə gələcək arasında qurduğu körpünün izahı idi. Vaqif Yusiflinin sözlərində həm təcrübənin müdrikliyi, həm də sənətə sonsuz sevgi hiss olunurdu. O, ədəbiyyatın sadəcə sənət deyil, həm də milli yaddaş olduğunu xüsusi vurğuladı.

Elçin Hüseynbəyli isə çıxışında “Şəfəq”in insan qəlbində yaratdığı işıqdan danışdı. O qeyd etdi ki, həqiqi ədəbiyyat insanın ruhunu saflaşdırır, onu mənəvi cəhətdən ucaldır. Elçin Hüseynbəylinin çıxışı tədbirə xüsusi emosional ahəng qazandırdı. Onun fikirlərində insanı düşündürən bir həqiqət vardı. Söz ruhdan gəlmirsə, ürəklərə yol tapa bilməz.

Bu yubileyin ən böyük mənəvi qazancı insanların bir daha sözün müqəddəsliyinə inanması oldu. Çünki insanlıq tarixində hər şey dəyişə bilər. Amma həqiqi söz dəyişmir. O, zamanın sərhədlərini aşaraq gələcək nəsillərə çatır. Bu baxımdan “Şəfəq”in fəaliyyəti yalnız bu gün üçün deyil, gələcək üçün də böyük mənəvi sərvətdir.

Lakin tədbirin ümumi ovqatında ən çox hiss olunan həqiqətlərdən biri də bu idi ki, “Şəfəq” kimi ədəbi ocaqlar təsadüfən yaşamır. Onları yaşadan belə fədakar insanlar olur. Qafar Cəfərli kimi sözə bağlı ziyalılar olmasa, bölgələrdə ədəbi mühitin nəfəsi zəifləyə bilərdi. O isə illərdir bu nəfəsi qoruyur, bu ocağın işığını söndürməmək üçün çalışır.

Bu gün insanları bir-birinə bağlayan ən böyük körpülərdən biri yenə də sözdür. Söz insanı insan edən mənəvi qüvvədir. İnsan ürəyində nə qədər sevgi, mərhəmət və vicdan varsa, onların hamısı söz vasitəsilə yaşayır. Buna görə də sözə xidmət edən insanlar əslində insanlığa xidmət etmiş olurlar.

“Şəfəq”in 35 illik yubileyi bir daha sübut etdi ki, söz yaşayan yerdə millətin ruhu yaşayır. Ruh yaşayan yerdə isə mənəviyyat sönmür. Bu yubiley yalnız bir tədbir deyil, həm də ədəbiyyatın müqəddəsliyinə verilən böyük qiymətin təntənəsi idi. Burada duyulan əsas həqiqət isə belə idi. Sözün işığı heç vaxt sönmür.

Qoy “Şəfəq” bundan sonra da neçə-neçə qələmə yol göstərsin. Qoy bu ocağın işığında yeni imzalar yetişsin, yeni poeziya nəfəsi doğulsun. Və qoy Qafar Cəfərli kimi söz adamlarının zəhməti daim yüksək qiymətləndirilsin. Çünki ədəbiyyatı yaşadan yalnız yazılan əsərlər deyil, həm də onu qoruyan, yaşadan, insanları söz ətrafında birləşdirən mənəviyyat adamlarıdır.

✍ Sevil Azadqızı

Azərbaycan dili və ədəbiyyatı müəllimi.Filoloq. AJB-nin üzvü. Ədəbi təhlil-tənqidçi.Yazar-publisist.

25.05.2026