Könül Nuriyeva - Adsız..

YAZARLAR, Gündəm 17:00 / 27.05.2026 Baxış sayı: 225

 

(1-ci hissə)

Biri vardı, dünyası qaranlıq idi. Arada hər iki tərəfində söyüd ağacları olan iş yerimə gələrdi. Mən onun üçün maraqlı deyildim, sadəcə, məramı danışmaq idi. Özündən danışar, anasından söhbət açar, sonra da kədərini iş yerimdə qoyub gedərdi. Həmin gün axşamadək onun arxasınca buraxdığı kədəri silib-süpürməklə məşğul olardım. Asan gəlməsin sizə, işim çox çətin olurdu. Anamın nərmə-nazik qızıydım, mən hara, ağırlıq qaldırmaq hara? Həmin o adamın bu boyda kədər yükünü daşıdıqdan sonra ağrımayan yerim qalmazdı. Ən çox da ürəyim ağrıyardı. Kədər yüklərini söyüdlükdən bir az o tərəfdəki jasmin kollarının dibinı tökərdim. Bəlkə buna görə yasminlərdın bu bahar çiçək ətri gəlmədi? Bilmirəm ki…

Yəqin düşünürsünüz ki, necə biri idi? Üzünün yarısını böyük eynəyinin altında gizlədərdi, başına papaq qoyduğu üçün alnı da görünməzdi. Əllərinə əlcək geyindiyindən barmaqlarının quruluşu, damarları, yaxud dırnaqlarının təmizliyi barədə heç nə deyə bilmərəm. Həmişə enli köynək və şalvar geyindiyindən bədən quruluşu, qollarının əzələli olub-olmaması kimi suallar mənim üçün də qaranlıq qaldı.

Adam danışırdı, mənim də söz kəsməklə aram olmadığından, onun dedikləri vergülünə, nöqtəsinə kimi beynimin obraz yerinə həkk olunurdu. Bir gün hekayələrimdən biri olacağını yəqin özü də bilirdi. Yaman içən adam idi; deyirdi ki, içəndə dərdimi unuduram. Soruşurdum: "Dərdin nədir?" Deyirdi ki, "Mən işığı necə görərlər, onu unutmuşam. Hər tərəfim qaranlıqdır; sevmək, xoşlamaq, sevinmək, gözəl nəsnələri görmək mənə çox uzaqdır." Soruşanda ki, "Əvvəldən belə idin?"— cavab verirdi: "Sonradan belə olmuşam." Həmin "sonra"nın nə olduğunu nə o dedi, nə də mən soruşdum. Axı bu dünyada hər şeyi soruşmaq olmaz, hər şeyi demək də olmaz. Anamın dediyi kimi, ürək süfrə deyil ki, hər qonağın qabağına sərəsən…

"Bu gecə yenə yatmamışam, qəmli musiqi qoyub səhərəcən boşaltdığım içki şüşələrinə tamaşa etmişəm. Saçımı nə vaxt yuduğumu bilmirəm. Əvvəl kasıb idim, nəsə almağa pulum yox idi; indi işləyirəm, pulum var, amma almağa həvəsim yoxdur. Sabaha qədər ağlamışam, yenə Sezen Aksu dinləmişəm,"— deyirdi.

Təxminən bir il iş yerimin yolları onun addımlarına şahidlik etdi. Mən də kədər silib-süpürməklə başımı qatdım. Sonra o gəlmədi, onun yerinə payız gəldi. Söyüd ağacları onsuz darıxdı, elə iş yerimin divarları, qapısı da…

Öldümü, qaldımı, bilmədim. Bəlkə kədər apardı onu, bəlkə başqa yola, başqa qapıya…

(ardı var)