Rafail Inceyurd Ismayilov - Yenə

Ədəbiyyat 21:23 / 28.05.2026 Baxış sayı: 160

 

Başına dolanım, ay dədə yurdu,

Başına dolandım, duruldum yenə.

Min şükür, görüşdük ilin bu vaxtı,

Çiçək dalğasına vuruldum yenə.

 

Kövrələn yaddaşın yeddi qatıyam,

Qürbətin səfiri, yurdun adıyam.

Ömürdən o yana ömür saatıyam,

Şeirin vaxtına quruldum yenə.

 

Gəlin, yaxın gəlin, səslədiklərim,

Getməyin, könlümdə bəslədiklərim.

Di gəl ki, nəfəstək istədiklərim

Yoxdular... Bir anlıq qırıldım yenə.

 

Bu cənnət bağında sevgi bol olar,

Sevda güllərindən ruhum bal alar.

Könlümə doluşun, əziz balalar,

Ruhuma nur çöküb, pir oldum yenə.

 

Sırtıq ağrılara qılığ etmişəm,

Ömrün yetmişinə çoxdan yetmişəm.

Mən elə bilirdim ölüb getmişəm,

Gördüm biuraları, dirildim yenə.

28.05.26