Ay  Bəniz Əliyar - Pəncərədə qara pərdə - tənhalığın gecəsi

Ədəbiyyat 09:12 / 29.05.2026 Baxış sayı: 343

Pəncərədə qara pərdə - tənhalığın gecəsi,

Ölüb-ölüb diriləsən, məəttəl qala dörd divar...

Xəyallarla dolub-daşa evlərinin küçəsi,

Bir az çıxıb gedə səndən, darıxasan, nə ki var...

 

Gözündəki oddan qaça, içindəki yalandan,

Alov düşüb sarmaşıqtək tuta yenə hər yanı.

Gözlərinin yolçuluğu bitə dar bir dalanda,

Görəsən ki, o başından arzuları boylanır...

 

Əlçatmazlıq sindromu yaradasan özünçün,

Ətrafında bərkidəsən, bağlayasan telləri.

"Tam yetişdim" deyən zaman bitə, tükənə gücün,

Toxunmağı istəyəsən... susub baxa əllərin...

 

Gecə boyu ağlamaqla öldürəsən özünü,

Bir az yatıb öz-özünlə bitirəsən davanı.

Səhər qalxıb bir nöqtədən toplayasan gözünü,

Görəsən ki, baxışların dəlib keçib tavanı...

 

Əl atasan o tavandan düşən işıq ucuna,

Yavaş-yavaş, tənbəl-tənbəl dikəldəsən belini,

O işıqdan çəkib bir az bağlayasan saçına,

Toplayasan, qoşa-qoşa ovuclayıb əlini...

 

Göylər susa, yerlər baxıb ağızdolu qışqıra,

İşıqucu ÜMİD kimi gözlərindən getməyə...

O dəlikdən nur şəklində qızıl qanın fışqıra,

Ürəyini kipləyəsən, kipləyəsən bitməyə..